Artıq abituriyentlərin ixtisas seçimi etməsinə çox az vaxt qalıb. Ali təhsil müəssisələrinə qəbulun sonuncu mərhələsi olan ixtisas seçimi onların həyatında verdikləri ən mühüm qərarlardan biridir.
Bəs, görəsən, abituriyentlər ixtisas seçimi zaman nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə bəzən aşağı nəticə göstərən şəxslər keçid balı yuxarı olan ixtisaslara müraciət edirlər:
“Bu gün abituriyentlər üçün ixtisas seçimi həssas məqamlardan biridir. Onlardan biri də də abituriyentlərin topladığı bala uyğun hərəkət etməsidir. Ümumiyyətlə balı aşağı olan abituriyentin yüksək ballı ixtisası seçməsi qəbuledilməzdir.
İxtisas seçimində hər bir abituriyentə 15 yer verilir. Bu 15 yeri 3 mərhələyə bölsək, ilk mərhələdə abituriyent balından yüksək yerləri yaza bilər. Bəs yüksək yerləri yazanda abituriyent nəyə fikir verməlidir? O, bilməlidir ki, həmin yazdığı yüksək yerə 10%-də olsa qəbul olma ehtimalmı var. Məsələn, 250 bal toplayan IV ixtisas qrupu niyə gedib Tibb Universitetinin ixtisasını yazmalıdır?”.
Həmsöhbətimiz bu mərəhələdə maksimum dərəcədə abituriyentləri və valideynləri diqqətli olmağa səsləyib:
“Növbəti mərhələdə 5 yerə abituriyentin balına uyğun yer yazılır. Əgər abituriyentin balı 250-dirsə, 270 və ya 240 yerlər yaza bilər. Sonuncu 5 yerə isə balından xeyli aşağı yerləri yazmaq daha məqsədəuyğundur. Yüksək ballı yerləri yazmaqda məqsəd odur ki, həmin ixtisasın balı bir ehtimal aşağı düşürsə, oraya qəbul ola bilsin.
Valideynlərdən abituriyentlərin seçdiyi ixtisasa qarışmamağı tövsiyə edirəm. ixtisas seçimi zamanı abituriyentə sərbəstlik verilməlidir. Mütəxəssislərdən məsləhətlər alınmalıdır. Hər bir abituriryent seçdiyi ixtisasın mənasını və gələcəkdə ona hansı istiqamətdə kömək edəcəyini bilməlidir. Həmçinin oxuyacağı ixtisas üzrə anlayışı olmalıdır”, - deyə ekspert fikrini tamamlayıb.