Sertifikatlaşdırma iki - test və müsahibə - mərhələsindən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.
Riyaziyyat və xarici dil müəllimlərinin test imtahanı mərhələsi uzun müddətdir ki, yekunlaşıb. Müsahibə mərhələsində test imtahanında ən azı 30 bal toplamış şəxslər iştirak edə biləcəklər.
Bəs sertifikasiyanın müsahibə mərhələsində hansı meyarlar əsas götürülür?
AzEdu.az xəbər verir ki, müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:
Proqram üzrə mövzunu təqdimetmə bacarığı;
Təhsilalanları qiymətləndirmə bacarığı;
Özünü təqdimetmə bacarığı;
Pedaqoji prosesi təşkiletmə bacarığı;
Ünsiyyət bacarığı.
Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
Proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;
Təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;
Ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.