Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının məzunu Aysu Zamanova “İlin tələbəsi” seçilib.
AzEdu.az xəbər verir ki, bu barədə universitetin rəsmi feysbuk səhifəsində paylaşım edilib.
Aysu Zamanova 2019-cu ildə 646.3 balla SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına daxil olub. O, ali, eyni zamanda ixtisas birincisidir (96.43).
Təhsil aldığı müddətdə “TEKNOFEST-2022”nin finalçısı olub, “SOCAR Türkiyə”də Yay Təcrübə Proqramını keçib, ABŞ-nin Texas ştatında Dayanıqlı Elm və Mühəndislik üzrə Beynəlxalq Konqresdə (ICOSSE '23) iştirak edib, bp-nin (Future Female Talent Scholarsip) proqramının təqaüdünü qazanıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında I yerə layiq görülüb. Habelə SOCAR və 4SİM-in birgə təşkilatçılığı ilə keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunun qalibi olub. Bp şirkətindən iş təklifi alıb, hazırda dəyərləndirir.
Qeyd edək ki, o, 2022-2023-cü illərdə AzEdu.az və universitetlərin birgə təşkil etdiyi “Brend tələbə” layihəsinin qaliblərindəndir.