Məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatının yaxşılaşdırılması üçün növbəti ilin dövlət büdcəsində əlavə olaraq 47 milyon manat vəsait nəzərdə tutulub.
AzEdu.az xəbər verir ki, bu haqda Maliyyə Nazirliyinin 2019-cü il üzrə təqdimantında yer alıb.
Əlavə təhsil müəssisələrində yanğından mühafizə tədbirlərinin gücləndirilməsi və bu sahə üzrə maddi texniki təminatın yaxşılaşdırılması üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğ də vəsait nəzərdə tutulub.
Təhsil xərcləri üçün ayrılan vəsaitin 288.2 milyon manatı və ya 12.7 faizi bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə ayrılıb.
Bundan başqa 169.5 milyon manatı ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura pillələri üzrə xərclərə, 33.9 milyon manat dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılmasına, 21.5 milyon manat isə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə ayrılıb.
Şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 18.1 milyon manat, “UFAZ” layihəsinin həyata keçirilməsi üçün 6.5 milyon, Azərbaycan gənclərinin xaricdə təhsil xərclərinin maliyyələşdirilməsinə 6.3 milyon,1.5 milyon manat isə “SOS-Uşaq kəndləri-Azərbaycan” Assosiasiası üzrə tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Təqdimatda təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələr üçün 1 milyon, xarici ölkələrin ali təhsil və elmitədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi üzrə xərclərə də eyni məbləğ ayrıldığı qeyd olunub.
Ümumi məbləğdən 0.2 milyon manatı isə xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə tədbirlərin maliyyə təminatına ayrılıb.