2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar məlum olub.
AzEdu.az həmin ixtisasları təqdim edir:
- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
- İbtidai sinif müəllimliyi;
- Hüquqşünaslıq;
- Maliyyə;
- Riyaziyyat müəllimliyi;
- Xarici dil müəllimliyi (ingilis dili);
- Beynəlxalq münasibətlər;
- Mühasibat.
Maraqlıdır, Qarabağ Universitetində digər ixtisaslar üzrə SABAH qruplarının yaradılmasına ehtiyac varmı?
Mövzu ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, bir çox ixtisas üzrə SABAH qruplarının yaradılması vacibdir:
“SABAH qrupları Azərbaycanda bir müddət əvvəl yaradıldı və bu qrupların fəaliyyəti, verdiyi töhfələr göz qabağındadır. Əlbəttə biz anlayırıq ki, vətəndaşların gözləntiləri çoxdur. Qarabağ Universitetində təhsil almaq istəyən bir çox gənc SABAH qruplarının bütün ixtisaslar üzrə mövcud olmasını istəyirlər. Bu qrupların fəaliyyəti önəmlidir. Qarabağ Universitetinin rektoru Şahin Bayramov təhsil sahəsində yetərincə təcrübəsi olan biridir. Sözsüz ki, yaxın gələcəkdə bu istiqamətin genişləndirilməsi üçün müvafiq addımlar atılacaq”.