Azərbaycanda universitetlər tələbələrin xaricdə təhsil almaları üçün xarici təşkilat və universitetlərlə beynəlxalq əlaqələr yaradır, əməkdaşlıqlar edir. Belə universitetlərdən biri də Azərbaycan İlahiyyat İnstitutudur (Aİİ).
AzEdu.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun xarici əlaqələr üzrə baş mütəxəssi Şahin Ələsgərov qeyd edib ki, İnstitut yarandığı gündən müxtəlif xarici ölkə universitetləri ilə dini təhsil və təhqiqat sahəsi üzrə əlaqələr yaradır, qarşılıqlı mübadilələrin həyata keçirilməsinə səy göstərir:
“İnstitut 2023/2024-cü tədris ilinin sonuna yaxınlaşır. Bu tədris ilində ali təhsil müəssisəsi ilə Malayziya Milli Universiteti arasında Anlaşma Memorandumu, Gürcüstanın Tbilisi Ruhani Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum, Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi Elm Komitəsinin Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. İlahiyyat İnstitutu olaraq çalışırıq ki, imzaladığımız protokollar təkcə yazı üzərində qalmasın. Bu əməkdaşlıq əlaqələri çərçivəsində tələbə mübadilələri, beynəlxalq tədbirlər, seminarlar, “dəyirmi masa”lar həyata keçiririk”.
Həmçinin, Şahin Ələsgərov universitetlərlə imzalanan əməkdaşlıq müqaviləsindən də danışıb:
“Belə ki, Azərbaycan İlahiyyat İnstitutu ilə Qazaxıstanın “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti arasında imzalanmış Əməkdaşlıq Müqaviləsinə əsasən həyata keçirilən tələbə mübadiləsi çərçivəsində Aİİ-nin iki tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestri ərzində sözügedən universitetdə təhsillərini davam etdirirlər. Eyni zamanda Türkiyənin İstanbul 29 Mayıs Universiteti arasında imzalanmış Əməkdaşlıq Protokoluna əsasən həyata keçirilən tələbə mübadiləsi çərçivəsində Aİİ-nin iki tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestri ərzində sözügedən universitetdə təhsillərini davam etdirirlər.
“Bundan əlavə, Rusiyanın Kazan şəhərində keçirilmiş İslam təhsil müəssisələri tələbələrinin XVI ümum-Rusiya Olimpiadasına Azərbaycan İlahiyyat İnstitutundan münsif qismində – İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov, iştirakçı qismində Aİİ-nin dörd tələbəsi qatılıb və bir tələbəmiz uğurlu iştirakına görə mükafatlandırılıb. İnstitutda tələbələr üçün müxtəlif mövzularda seminarlar təşkil olunub.
Azərbaycan İlahiyyat İnstitutunda Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinovun “Rusiyada İslam tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Pakistanın MUSLİM İnstitutunun koordinatoru Asif Tanverin iştirakı ilə “Pakistanda sufi mədəniyyəti” mövzusunda seminar təşkil olunub. Türkiyənin Mərmərə Universiteti Yaxın Şərq və İslam Ölkələri İnstitutunun müəllimi Ravza Altuntaş-Çakır tələbələr üçün müxtəlif mövzularda mühazirələrlə çıxış edib.
Pakistanın MUSLİM İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əlinin iştirakı ilə 29 aprel 2024-cü il tarixində Azərbaycan İlahiyyat İnstitutunda “Məhəmməd Füzuli və Məhəmməd İqbal yaradıcılığının müqayisəli təhlili” mövzusunda seminar təşkil olunub.
Bu tədris ilində Türkiyənin Kırıkkale şəhərində Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi və İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpozium keçirilib”.
Ş.Ələsgərov vurğulayıb ki, İnstitutun beynəlxalq əlaqələr şöbəsi ali təhsil müəssisəsinin dini tədqiqat sahəsində inkişafına töhvə vermək məqsədilə rəhbərliyin və müəllimlərin müxtəlif beynəlxalq konfranslarda iştirakını təmin edib:
“Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində 30 oktyabr – 1 noyabr 2023-cü il tarixlərində keçirilmiş “Müasir təhsil sistemində İslam teologiyası: problemlər və perspektivlər” mövzusunda III beynəlxalq konfransda iştirak edib.
Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev 29-30 noyabr 2023-cü il tarixlərində İraqın paytaxtı Bağdad şəhərində keçirilmiş “Al-Taf: islahat inqilabından saleh dövlət quruculuğuna” mövzusunda XI beynəlxalq dini və mədəniyyət forumunda iştirak edib.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 12 dekabr 2023-cü il tarixində təşkil olunmuş “Dini-mənəvi dəyərlərin qorunması, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda XIX Beynəlxalq Müsəlman Forumunda Aİİ rektoru, dosent Aqil Şirinov iştirak edib.
Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov 5-6 may 2024-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş “Parçalanmış dünyada körpülərin qurulması: dialoq və qarşılıqlı anlaşma yolu ilə qəlb diplomatiyası” mövzusunda beynəlxalq konfransda iştirak edərək məruzəylə çıxış edib.
Ş.Ələsgərov vurğulayıb ki, İnstitut gələcəkdə yeni əlaqələrin qurulmasında, mübadilə proqramlarının, beynəlxalq tədbirlərin həyata keçirilməsində maraqlıdır. Bu məqsədlə müxtəlif görüşlər həyata keçirir:
Ötən tədris ilində Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç Azərbaycan İlahiyyat İnstitutunda olublar.
Türkiyənin Yozqat Bozok Universitetinin prorektoru, professor Güngör Yılmaz və sözügedən ali təhsil müəssisəsinin TÖMER müdiri, dr. Volkan Demirel Azərbaycan İlahiyyat İnstitutunun qonağı olublar.
ABŞ-nin Yuta ştatında yerləşən Briqham Yanq Universiteti Humanitar fakültəsinin dekanı, prof. Skot Miller, dekan müavini, dr. Qrant Lundberq, Briqham Yanq Universiteti Dil Araşdırmaları Mərkəzinin direktoru, dr. Ray Klifford və İsa Məsihin son gün müqəddəsləri kilsəsinin nümayəndəsi Paul Pikard Azərbaycan İlahiyyat İnstitutunu ziyarət ediblər.
Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi Elm Komitəsi Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutunun nümayəndələri Azərbaycan İlahiyyat İnstitutunda olublar.
İndoneziya Üləma Şurası Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri Bunyan Saptomo Azərbaycan İlahiyyat İnstitutunda olub.
Sonda qeyd edim ki, 28-30 may 2024-cü il tarixlərində İndoneziyanın Cokyakarta şəhərində Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sunan Kalijaga Dövlət İslam Universiteti, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium keçiriləcək”.