“Düşünürəm ki, doktoranturaya sənəd təqdim edənlər iyul ayındakı çağırışda hərbi xidmətdən möhlət hüququna malik olmalıdır”
Bu sözləri AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspert bildirib ki, hərbi xidmət haqqında qanuna görə xarici dil imtahanı nəticəsi ilə bağlı sənəd təqdim edənlər həmin çağırış üçün möhlət hüququna malikdirlər:
“Dünən 15 mayda ali təhsil və elmi müəssisələrinin doktorantura pilləsinə qəbul olmaq üçün sənəd qəbulu başa çatıb. İngilis dili imtahanı isə 9 iyundadır. Cavablarının ən tez 3 həftəyə çıxması gözlənilir. Çünki imtahan 2 hissədən ibarətdir. Qrammatik və danışıq, yazı bacarıqların yoxlanılması.
Qüvvədə olan qanunvericiliyə, Hərbi xidmət haqqında qanuna görə xarici dil imtahanı nəticəsi ilə bağlı sənəd təqdim edənlər həmin çağırış üçün möhlət hüququna malikdirlər.
Amma bu dəfə imtahan nəticəsi gecikəcək. Deməli, çevik müvəqqəti qaydalar müəyyən edilməlidir. Misal üçün: Portal.edu.az-da doktorantura pilləsinə qəbul ilə bağlı elektron ərizəni və DİM-dən xarici dil imtahana buraxılış sənədini çap edib komissarlığa təqdim etmənin müvəqqəti olaraq möhlət hüququ üçün qəbul olunması qaydası olmalıdır. 15 maya qədər doktoranturaya qəbul olunmaq üçün elektron ərizə vermiş və müraciətləri müəssisələr tərəfindən təsdiq edilmiş şəxslərə iyun ayında hərbi xidmətdən möhlət hüququ verilməlidir”.