Türkiyə-Azərbaycan Universitetində tədrisin həm türk, həm də ingilis dilində olması planlaşdırılır. Bu isə universitetdə əcnəbi tələbələrin təhsil almasına şərait yaradacaq.
Bəs, görəsən, eyni yanaşmanı “Qarabağ” universitetində də tətbiq etməyə gərək varmı?
Millət vəkili Ceyhun Məmmədov məsələ ilə bağlı AzEdu.az-a danışıb.
Millət vəkili bildirib ki, mütləq “Qarabağ” universitetində ingilis dilində tədris təmin olunmalıdır:
“Əgər xarici tələbələri “Qarabağ” universitetinə cəlb etməyi istəyiriksə, o zaman universitetdə Azərbaycan dili ilə yanaşı xarici dildə tədrisi təmin etməliyik. Burada xarici universitetlərin özləri də imkanlarını genişləndirməlidirlər. Çünki əcnəbi tələbələrin Azərbaycanda təhsil alması üçün yataqxana məsələləri, ikili diplom, proqramı, eləcə də xarici müəllimlərin fəaliyyəti kimi məsələlər və s. həll olunmalıdır”.
“Əcnəbi tələbələrin Azərbaycanda təhsilini təmin etmək asan məsələ deyil”, -deyə C.Məmmədov qeyd edib:
“Tələbələrin cəlbi üçün digər addımlardan biri də dünyanın ayrı-ayrı ölkələri ilə ikili diplom proqramları yaratmaqdır. Necə ki, “Qarabağ” Futbol Komandası bu gün Azərbaycanın brendinə çevirilib, eləcə də Qarabağ ilə bağlı olan hər bir məsələni, layihəni brendə çevirməyə çalışmalıyıq. Bu baxımdan dünyanın müxtəlif yerlərindən tələbələrin cəlb olunması prioritet vəzifə kimi qarşımızda durur. Bu yalnız Azərbaycan üçün yox, bütün dünya üçün gərəklidir. Düşünürəm ki, “Qarabağ” universiteti tədqiqat yönümlü universitet, böyük bir kompleks və sistem kimi formalaşmalıdır ki, qarşıya qoyduğumuz bütün hədəflərə nail olaq”.