Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədovun törətdiyi qətl hadisəsinin detalları və görüntüləri durmadan bütün sosial şəbəkələrdə paylaşılmağa davam edir.
Məlumdur ki,sosial şəbəkələri təkcə böyüklər deyil, uşaqlarda izləyir.
Bəs bu cür informasiyaların açıq-aydın şəkildə yayılması nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, İP və yaxud da informasiyaların çox oxunması xətrinə cəmiyyətə zərbə vurmaq doğru deyil:
“Təkcə bu deyil, baş verən bir çox qətillərin, zorakılıq və ölüm faktlarının sosial şəbəkələrdə durmadan paylaşılmasının şahidi oluruq. Həmin informasiyaları, görüntüləri və fotoları yaymaq qadağan olunmalıdır. Təəssüflər olsun ki, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı konkret qaydalar yoxdur. Bəzən bunlara nəzarət etmək mümkünsüz olur”.
Günel Səfərova qeyd edib ki, sosial mediaya nəzarət funksiyası gücləndirilməlidir:
“Dünyanın əksər ölkələrində bu problem yaşanır. İnformasiyaların yerləşdirilməsi baxımından maarifləndirilmə aparılmalıdır. İnformasiyanın əlçatımlığına görə sosial şəbəkələr gözəl alətdir. Amma ondan mənfi niyyət üçün istifadə etmək yaxşı nəticə verməyəcək. Biz hər zaman intihar, qətl, zorakılıq hallarının işıqlandırılmasında ümumi qayda və tələbləri əsas götürərək “Media haqqında” əks olunan tələblərə uyğun paylaşım edirik. Amma sosial şəbəkə istifadəçiləri bu qaydalara əməl etmir. Nəzərə almaq lazımdır ki, bu informasiyaları izləyənlər arasında məktəblilər, uşaqlar, psixoloji vəziyyəti stabil olmayan insanlar var. Bu hallar həmişə baş verəcək. Sadəcə maarifləndirməni və nəzarət funksiyasını gücləndirmək lazımdır. Görüntüləri paylaşan ilk mənbəni tapıb, qanunla cəzalandırmaq lazımdır”.