“Bu gün valideynlər şagird olan övladlarının mobil telefonlarına nəzarət etmirlər, onlar sosial platformalardan istifadə qaydalarından xəbərsizdirlər”
Bu fikiri AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspertin sözlərinə görə ümumi təhsil müəssisələrində baş verənlərin həlli istiqamətində çalışmaq nə qədər vacibdirsə, onun təqdim edilmə forması da o qədər vacibdir:
“Bu gün ölkədə təhsilin əlçatanlılığının 100 faiz olması hər kəsin təhsil ilə əhatə olunmasına səbəb olub. Hazırda ailəsində və yaxın qohumlarında təhsil prosesinin iştirakçısı olmayan insan demək olar ki, yoxdur.
Belə ki, hər gün 2 milyondan çox insan təhsil müəssisələrinə daxil olur və azı 5 saat burada qalır. Amma günün geridə qalan 19 saatını təhsil müəssisələrindən kənarda qalır. Və ya il ərzində 52 həftənin 34 həftəsini uşaqlar məktəbdə dərsdə olurlar”.
K.Əsədov bildirib ki, təlim əsasən məktəbdə həyata keçirilir, tərbiyə isə həm ailədə, həm ictimaiyyətdə, həm də məktəbdə aşılanır:
“Son günlər məktəb şagirdlərinin iştirakı ilə baş verən hadisələrdə cəmiyyət olaraq günahkarı məktəbdə axtarırıq. Unutmayaq ki, şagirdlərin hərəkətlərinin əsas səbəbkarı kimi valideyn, cəmiyyət və s. bir neçə komponentlərin məsuliyyəti böyükdür.
Amma biz günahı və günahkarı məktəbdə, müəllimdə axtarırıq. Valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibəti, maraqları, müəllimləri haqqında da fikirləri ilə maraqlanmalıdır. Valideynlər uşaqların təhsilində müəllimlərin tərəfdaşı kimi çıxış etməlidirlər. Lakin görürük ki, hər kəs məktəbi, müəllimi günahkar çıxarmaq rolundadır. Apardığımız araşdırmalar göstərir ki, azyaşlı və yeniyetmələrin son günlər tik-tok və instagram sosial şəbəkəsindəki fəaliyyətləri onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil”.
Həmsöhbətimiz söyləyib ki, uşaqlar vaxtlarının böyük əksəriyyətini təhlükəli sosial platformalarda keçirirlər:
“Şagirdlərin dərsdən sonra, xüsusi ilə axşam saatlarında tik-tok və instagram platformalarında canlı yayımlar açaraq nalayiq ifadələr işlətməsi, kriminal aləmə aid olan musiqilər səsləndirməsi və bu aləmə aid jarqon ifadələrdən istifadə etməsi onlara valideyin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması ilə bağlıdır.
Artıq uşaqlar vaxtlarının böyük əksəriyyətini təhlükəli sosial platformalarda keçirirlər. Unutmayaq ki, təlim əsasən məktəbdə həyata keçirilir, tərbiyə isə həm ailədə, həm ictimaiyyətdə, həm də məktəbdə aşılanır.
Məktəbdə dərsi pozan, küçədə nalayiq hərəkətlər edib videoya çəkən uşaqlar məktəbə əvvəl evdən gəlirlər. O evlərdə onlara nə verilir, nə verilmir...”