2023-2024-cü tədris ili üçün 2 oktyabr 2023-cü il tarixindən fəaliyyətə başlayan fənlər üzrə elmi-metodiki seminarlarda buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı aşağıdakı işlər həyata keçirilib.
Bu barədə DİM-dən AzEdu.az-a xəbər verilib.
Bildirilib ki, tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat, xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) fənlərindən ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, həmçinin Azərbaycan dili (dövlət dili) fənnindən imtahan proqramları və imtahan modellərinə uyğun tapşırıq nümunələri hazırlanıb. Proqramlar 20 sentyabr 2023-cü il tarixindən etibarən saytımıza yerləşdirilib. Yaxın vaxtlarda isə proqramlar və imtahan modellərinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc ediləcəkdir.
– Tədris dili (Azərbaycan dili, rus dili), ədəbiyyat, ədəbiyyat (rus bölməsi), tarix, coğrafiya, riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramlar və imtahan modellərinə uyğun tapşırıq nümunələri hazırlanıb. Proqramlar 29 sentyabr 2023-cü il tarixindən saytımıza yerləşdirilib. Proqramlar və tapşırıq nümunələri “Abituriyent” jurnalının birinci sayında dərc ediləcəkdir.
– Həmçinin Hərbi liseylərə və Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları üçün proqramlar və imtahan modellərinə uyğun tapşırıq nümunələri hazırlanmışdır və onlar da “Abituriyent” jurnalının birinci sayında dərc ediləcəkdir.
– Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları modellərinə uyğun sınaq imtahanı variantları hazırlanaraq “otk.az” onlayn sınaq imtahanı portalına yerləşdirilib. Şagirdlər və abituriyentlər istənilən zaman portala daxil olub onlayn rejimdə öz biliklərini yoxlaya bilərlər.
– Hazırda seminarlarda 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının imtahan nəticələrinin statistik göstəriciləri əsasında elmi-metodik təhlili aparılır. Hər bir tapşırığın mövzu, relevantlıq kateqoriyası və mürəkkəblik dərəcəsi baxımından təhlili aparılır.
Fənlər üzrə elmi-metodik seminar iştirakçıları xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir, onlara uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar!