Azedu.az

Kəlbəcərli olsam da, Şuşa mənim üçün dünyanın ən gözəl yeridir – Xaricdəki tələbəmiz

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil ekspertləri

Tələbə və şagird

29 Dekabr 2023, 16:30
Kəlbəcərli olsam da, Şuşa mənim üçün dünyanın ən gözəl yeridir – Xaricdəki tələbəmiz

AzEdu.az Təhsil Portalı xaricdə təhsil alan azərbaycanlılarla müsahibələrə davam edir.

 

Budəfəki müsahibimiz Tuncay Eyvazlıdır.

 

Tuncay Eyvazlı sosial şəbəkələrdə paylaşılan 4 yaşındakı şəkli ilə daha çox məşhurdur.

 

Geyindiyi futbolkanın üzərində Şuşa qalasının şəkli və Şuşa sözü əks olunub, kepkanın üzərində “Mən Şuşanı istəyirəm” yazılıb.

 

Açıklama yok.


Ona ilk sualımız da elə həmin şəkildən başladı. Maraqlıdır, 4 yaşında uşaq həmin geyimdə hərbçilərlə bir yerdə...


- İndi dostlarım da mənə deyir ki, o yaşda o sözlərin mənasını bilirdinmi? Cavab verəndə ki, bəli, inanan az olur. Bilirsiniz, mən əslən Kəlbəcərliyəm. Böyüklər kiçik yaşlarımdan o qədər o yerlər haqqında danışmışdılar ki, hətta Bakıda deyil, Kəlbəcərdə doğulduğumu zənn edirdim. Kəndimizin necə bir yer olduğunu soruşanlara danışırdım. Halbuki kəndimizi görməmişdim. Hətta yaxşı yadımdadır, ibtidai sinifdə oxuyanda bir dəfə “Mənim kəndim” inşasını elə yazmışdım ki, birinci yerə çıxmışdım. Kəndimizi təsəvvür etmişdim, sonunda da yazmışdım ki, indi kəndimiz erməni işğalındadır.
Demək istəyirəm ki, biz uşaqlıqdan Vətənlə nəfəs alan ailədə böyüşümük. Biz qardaşımla 3-4 yaşlarında Xocalıya şeirlər yazırdıq. Şair Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirini canlı olaraq uşaq vaxtı Filarmoniyada səsləndirmişik. Demək istədiyim odur ki, o şəkildə qəribə nəsə yoxdur.
13 il əvvəl, Şuşanın işğal günü idi. Tərtərdə Şuşa polisi ilə birgə anım günü keçirilirdi. Qardaşımla məni də atam həmin tədbirə aparmışdı. Tək biz deyildik, həmin tədbirə bizim yaşda olan şuşalı uşaqlar da qatılmışdı. Amma onu etiraf edim ki, həmin tədbirdən sonra Şuşanı daha çox istəməyə başladım. O hiss indi də mənə hakimdir. Şuşanı işğaldan azad edilmiş rayonlarımızın başı bilirəm.


- İndiki uşaqlarla öz uşaqlığnızı necə müqayisə edərdiniz?


- İndiki uşaqlar torpaqlarımızın işğal gününü deyil, azad olunma gününü qeyd edirlər. Əsas fərq budur. Onlar bizim uşaqlıq dövrü ilə müqayisədə çox xoşbəxtdirlər. Bizsə gənclər olaraq xoşbəxtik. Qürurluyuq, güclüyük. Mənə elə gəlir ki, bizə qarşı olan hər kəsi döyə bilərik. Uşaqlıqda buna fiziki güc kimi baxırsan. Amma indi intellektual gücümüzlə buna nail olacağımızı düşünürəm.


- Maraqlı danışırsan, Tuncay, belə bir sual vermək istərdik. İndi Azərbaycan gəncinin üzərinə hansı yük düşür?


- Azərbaycan gənci bunu 44 günlük Vətən Savaşında göstərdi. Xaricdə adam başqa cür olur. Burda olanda Vətəni sanki yaxşı görə bilmirsən. Ona sevgin adi olur. Xaricdə isə Vətən bir başqa cür görünür. Mən xaricə gedəndə atam demişdi ki, sənin atan da, anan da, özün də, hər şey Vətəndir, Azərbaycandır. Mənə elə gəlir ki, indiki gənclik bunu anlayır, buna əməl edir. Bunun üçün mütləq ali təhsil almaq lazım deyil. Hər kəs öz sahəsində əməli ilə bunu göstərməlidir. Xaricdə Vətən sevgisi adamı güclü edir. Qalib Azərbaycanın gənci də qalibdir. Əlbəttə ki, buna görə Ali Baş Komandanımıza, Şəhidlərimizə, Qazilərimizə, Azərbaycan xalqına minnətdarıq. Borcumuz onların bizə bəxş etdiyi qələbəni qoruyub gələcək nəslə verməkdir.

 
- Tuncay, bir az da tələbəliyindən danış. Dediyin kimi milli bir gənc olaraq xaricilərlə necə yola gedirsən?

 

Açıklama yok.


- İlk vaxtlar bir az darıxdım, 16 yaşım var idi. İlk 1 həftədə sıxıntı, darıxmaq hissi və yanlızlıq demək olar ki, məni əsir almışdı. Sonradan yataqxanada, eyni zamanda universitetdə həmyerlilərimlə tanış oldum. Zaman keçdikdə xarici vətəndaşlarla da münasibət qurmağa başladım. İndi özümü burada yad hiss etmirəm. Əvvəllər Budapeştdə yataqxana mənə otel kimi gəlirdi, ancaq indi evim kimi hiss edirəm. Macarlar ölkələrindəki əcnəbilərlə xoş rəftar edirlər. Bu amil də adaptasiya prosesimə müsbət təsir göstərdi.


- Maraqlıdr, nə üçün Macarıstanda təhsil almaq istədiniz?


- Macarıstan Avropada orta səviyyəli ölkələrdən biri olduğu üçün təhsilimi burada davam etdirmək istədim. Qeyd edim ki, hər yerdə olduğu kimi burada da təhsilin keyfiyyəti universitetdən asılı olaraq dəyişir. Oxuduğum ali təhsil müəssisəsində hər şey yüksək səviyyədədir, məni tam olaraq qane edir.

 
- Məişət məsələləri çətinliklər yaratmır ki...

 
- Mənə görə bu məsələ insandan insana dəyişir. Yemək üçün yaşayan adamlar xaricdə yemək məsələsini ciddi problemə çevirirlər. Ümumən isə burada problem yoxdur. Yemək məsələsində ziyanlı qidalardan uzaq ol, yetər.


Sizə başıma gələn maraqlı və gülməli bir əhvalatı danışım. Universitetin yataqxanasında 3-4 gün idi məskunlaşmlışdım. Müxtəlif yeməklər bişirib soyuducuya qoymuşdum.Bir dəfə dərsdən gəldim ki, yeməklər yoxdur.Bir az məyus oldum. Yataqxanada yemək bişirmək asan deyil. Bu hal bir neçə dəfə təkrarlandı. Tapdım ki, banqladeşli tələbələr yeməyimi oğurlayır. İlk vaxtlar onları döymək istəyirdim. Sonra fikrimi dəyişdim, qaldığım otağa soyuducu qoydum. Geyim məsələlərində də problemim yoxdur. Kompleksin yoxdursa, problem olmayacaq.


- Təhsilini magistratura pilləsi üzrə davam etdirməyi düşünürsünüz?


- Bəli, bakalavr təhsilini bitirdikdən sonra Kanada, yaxud da Amerikada magistratura təhsili almağı planlaşdırıram. Magistratura təhsili aldıqdan sonra isə Vətənə qayıtmağı düşünürəm.

 


- Necə düşünürsən, xaricdə təhsil almaq istəyənlər hansı nüanslara diqqət etməlidir?

 

Açıklama yok.


- Hər şeydən öncə universitet seçimi doğru olmalıdır. Avropadır, “istənilən universitet yaxşıdır” deyə düşünüb hər hansısa bir universiteti seçmək yanlış addımdır. Çünki universitetlərin təhsil keyfiyyətləri arasında fərqlər çoxdur.

 

 -Tuncay bəy, hobbiləriniz nələrdir? Dərsdən əlavə nə ilə məşğul olursunuz?


 -Ən sevdiyim hobbim futbol oynamaqdır. Boş vaxtlarımda dostlarımla bilyard, futbol oynayırıq. Bəzən də kinoya baxıram.


- Vətənə qayıdanda xüsusi ilə getmək istədiyiniz bir yer varmı?


- Bəli, Şuşaya getmək istəyirəm.


- Niyə görə məhz Şuşa?


- Çünki ən çox sevdiyim yer Şuşadır.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox