AzEdu.az təhsil portalı tanınmışların oxuduqları kitablar, onların təhsil uğurları ilə bağlı silsilə yazılarını davam etdirir.
“Məşhurla oxu”rubrikasının növbəti qonağı sabiq deputat,Ümid Partiyasıın sədri İqbal Ağazadədir.
Xeyli mütaliə etdiyini deyən sabiq deputat daha çox əhvalından asılı olaraq kitab oxuduğunu bildirib:
“Mən mütaliə etməyi çox sevirəm, hal-hazırda da kitab oxuyuram. Oxuduğum psixologiya ilə bağlı kitabdır. Əhvalımdan asılı olaraq, kitab oxuyuram, qarşıma nə ədəbiyyat nümunəsi çıxırsa mütaliə etməyə çalışıram. Azərbaycan ədəbiyyatından son zamanlar oxuduğum yeni kitab yoxdur.
Amma ədəbiyyat nümunələri -istər nəsr, istər nəzm əsərləri - saytlarda, ədəbiyyat səhifələrində, eləcə də sosial şəbəkədə qarşıma çıxırsa, oxuyuram.
Azərbaycan ədəbiyyatı mənə daha yaxındır; çünki insan özünü orada daha tez tapa bilir. Orada mental dəyərlər, obrazların , xarakter və xüsusiyyətlərin bizlərə yaxınlığı var.
Amma bu mənə dünya ədəbiyyatını oxumağa mane olmur. Azərbaycan ədəbiyyatında sevdiyim bir çox obrazlar var. Mirzə İbrahimovun “Böyük dayaq” əsərində Rüstəm kişi obrazını çox sevmişəm. Baxmayaraq ki, roman şəxsiyyətə pərəstiş dövründən sonra yazılıb və Rüstəm kişini də o məsələlərdə daha çox mənfi obraz kimi təqdim etməyə çalışıblar. Amma hər halda obrazı xarakter xüsusiyyətinə görə bəyənmişəm.
Fərman Kərimzadənin “Qarlı aşırım” əsərindəki Kərbəlayi İsmayıl obrazını da çox bəyənirəm. “Qarlı aşırım” əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 1930-cu illər kəndinin canlı mənzərəsi verilib. Yazıçı romanda zəngin xarakterlər qalereyası yaradıb.
Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında Zaur obrazını çox bəyənirəm. Təhminəni yarı yolda qoyub. Roman təsirli bir sevgi hekayəsidir.
Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan bir gəncdir. Rus yazıçısı Lev Tolstoy tərəfindən yazılan “Anna Karenina” əsərini məktəb illərində gecələr yatmayıb oxumuşam. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir. Yaşdan, dövründən əhvalımdan asılı olaraq əsərlər oxuyuram”.
İqbal Ağazadə milli romantik şeirin, mənzum faciənin banisi olan Hüseyn Cavidin əsərlərini də bizim üçün təhlil edib:
“Hüseyn Cavidin bütün əsərlərini təhlil edə bilərəm. Bildiyimiz kimi onun yaradıcılığı iki hissəyə bölünür. Cümhuriyyət süqut edəndən sonra Hüseyn Cavid “Peyğəmbər” dramını yazdı. O, Azərbaycanı qurtara biləcək Peyğəmbər obrazını axtarırdı.
“Peyğəmbər” əsərində insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edirdi.
Onun “Topal Teymur” əsərində tarixi-real insanlar olan səhnələr var idi. Əsərin mövzusu XIV əsrin iki nəhəng hökmdarı- Teymurilər imperiyasının banisi, Orta Asiya hökmdarı Əmir Teymurun və Türkiyə sultanı Yıldırım Bəyazidin apardıqları axırıncı qanlı müharibədən götürülüb.
Topal Teymur ən sonda Yıldırım Bəyazidin qolunu salıb boynuna deyir ki, kül düşsün türk dünyasının başına onun sənin kimi “abdal” mənim kimi “topal” idarə edir.
Onun “Knyaz” mənzum faciəsi inqilabi mövzuda yazılan dram cərgələrində aiddir. Xoş güzəran keçirən Knyazın zorla özünə arvad etdiyi kəndli qızı Casmenin onların qapısında qulluqçuluq edən Marqonun oğlu bolşevik Antonu seçməsi və keşməkeşli hadisələrdən sonra ona qovuşması Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatın təntənəsi motivinin yeni şəraitdə canlandırılmasma xidmət edib.
Dramaturq gurlayan inqilab dalğalardan xoflanıb Avropaya qaçan Knyazın və onun ailəsinin faciəsini də məharətlə ümumiləşdirib. Çox dəhşətli səhnələr yaradır.
“Xəyyam” dramında Cavid böyük şair və mütəfəkkir Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələ bilən bir romantik qəhrəmanı canlandırıb. Bu əsərdə artıq Hüseyn Cavid qocalır.
“İblisin intiqamı” əsərini yazsa da, bu, onun ən zəif əsəridir.
Qeyd edək ki, İqbal Ağazadə 1968 -ci il sentyabrın 18-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus, fars və ingilis dillərini bilir.1994-cü ildən Bakı Dövlət Universitetində, 1995–1999-cu illərdə Bakı Asiya Universitetində müəllim işləyib.
Günel YAŞARQIZI