Elm və təhsil naziri Emin Əmrullayev orta məktəblərdə qeyri-rəsmi ödənişlərin yığılmasına münasibət bildirib.
AzEdu.az xəbər verir ki, nazir noyabrın 30-da keçirilən brifinqidə məktəblərdəki valideyn komitəsinin fəaliyyətinə də toxunub. O deyib ki, dünya təcrübəsində də belə komitələr var.
Nazir bildirib ki, valideyn komitəsi tərəfindən pul yığılması hallarını bütün məktəblərə aid etmək olmaz:
“Valideyn-müəllim komitəsi məktəbə, uşaqlara yardım edirsə, burda mənfi hal görmürəm. Normal hesab edirəm. Yox, əgər hansısa ad günlərinə pul yığılması ilə bağlı narazılıq olsa, şikayət ediləcəyi təqdirdə buna baxıla bilər. 8 Mart ərəfəsində müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin valideynlər yenə bunu etdilər.
Hesab edirəm ki, valideynlərdə davranış mədəniyyəti hələ də tam formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə diqqət göstərmək ayıb deyil, amma yalnız açıqça, gül vermək olar”, - nazir deyib.