"Hamımız deyirik ki, universitetlərdə hazırlanan tələbələr əmək bazarının tələblərinə cavab vermirlər. Sual olunur: universitet əmək bazarının tələbinə uyğunmu işin qurmalıdır?"
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsilin İnkişafı Forumunun "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.
"Universitet təhsilini müxtəlif kurslardan, kolleclərdə verilən təhsillə eyniləşdirmək olarmı, yoxsa burada bir fərq olmalıdır? Biz əminik ki, olmalıdır. Biz Universitet olaraq əmək bazarı üçün işçi hazırlığı ilə məşğul deyilik. Tez-tez eşitdiyimiz fikirlərdən biri odur ki, universitetlər əmək bazarının tələblərinə cavab vermir. Söhbət hansı bazardan gedir? Yerli, yoxsa qlobal əmək bazarından? Mən universitet rəhbəri olaraq bu gün hara fokuslanmalıyam? Bugünki əmək bazarı bizim üçün prioritet olmalıdır, yoxsa 10-15 il sonrakı bazar bizi düşündürməlidir? Başqa sözlə, universitet əmək bazarının arxasınca sürünməlidir, yoxsa universitet əmək bazarını formalaşdıran ciddi İnstitutlardan birinə çevrilməlidir?".
Ədalət Muradov söyləyib ki, "Universitetlər ancaq iş axtaranlarmı yetişdirməlidir?" sualı müzakirə olunmalıdır:
"Yeni işləri kim yaratmalıdır? Yeni keyfiyyət tələblərinə cavab verən işçi qüvvəsini kim hazırlamamlıdır? Düşünürəm ki, ümumiyyətlə universitetlə bağlı ciddi adımlar atmamışdan öncə cəmiyyətdə bu suallar müzakirə olunmalıdır".