Son günlərdə müzakirə mövzularından biri də Nobel mükafatı laureatlarıdır. Oktyabrın 1-dən etibarən, müxtəlif sahələrdə namizədlərə mükafatlar təqdim olunur. İctimaiyyətə maraqlı olan digər məqam isə Azərbaycan alimlərinin bu mükafatı nə zaman ala biləcəkləri və ya namizəd kimi adlarının verilməsidir.
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, akademik məsələ ilə bağlı AzEDu.az-a danışarkən bir çox maraqlı detallara toxunub:
“Azərbaycan elm adamlarının məqalələri nə qədər dünya elmi səviyyəsinə çatarsa, xarici jurnallarda çap olunarsa onların beynəlxalq mükafatlar almasına bir o qədər də imkan yaranar”, - deyə akademik bildirib.
Onun sözlərinə görə, getdikcə alimlərin əsərləri impakt faktoru olan jurnallarda çap olunur:
“Bu, çox xoşagələn hadisələrdir. Əlbəttə ki, yaxın vaxtlarda olmasa da Azərbaycan alimlərinin yüksək beynəlxalq mükafatlar almasına ümid get-gedə artır. Ad çəkmək çox çətindir. Bizim akademiyada xüsusi şöbələr var ki, alimlərin əsərlərinin həmin jurnallarda çapına diqqət edirlər, bununla məşğul olur və perspektiv oradan seçilir. Hazırda xaricdə təhsil alan gənclərimiz, eyni zamanda məqalələri xarici jurnallarda çap olunan alimlərin sayı artır. Mənə elə gəlir ki, bu heç də uzaqda deyil. Bizim alimlərimiz də belə yüksək adlara layiq görüləcəklər. Həmçinin Nobel fondu əsasən Azərbaycan neftinin hesabına yaranmış fonddur. İnsafları olsa Azərbaycan alimlərindən birini seçib ona mükafat verərlər. Halal pul Azərbaycan alimlərinə düşür”.
Qeyd edək ki, Qorxmaz İmanov iqtisadiyyat elmi sahəsində bir çox tədqiqat işlərinin, elmi uğurların, monoqrafiya və məqalələrin müəllifidir. Alimin dahi Lütfi Zadə ilə də elmi əməkdaşlığı olub.
Məşhur “KVN” aktyorları Tahir və Cabir İmanov qardaşlarının atası, tanınmış ailənin nümayəndəsidir.