Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilir.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan bütün binalarda saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-İmtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 1464 olmaqla, ümumilikdə 1970 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 171 nəzarətçi müəllim, 28 buraxılış rejimi əməkdaşı cəlb edilib.