Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 5-dən etibarən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat elan edib.
Hazırda qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.
AzEdu.az xatırladır ki, qeydiyyat bu gün - iyunun 20-də saat 23:59-da yekunlaşacaq.
DİM qeydiyyatdan keçmək istəyən abituriyentləri kömək üçün iyunun 20-dək ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət etməyə çağırıb.
Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
Xatırladaq ki, qəbul imtahanlarının 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.