Rusiyanın ən tanınmış ali məktəblərindən olan Moskva Fiziki-Texniki İnstitutunda (MFTİ) tələbələr Çin dilinin tədris olunmasına qarşı üsyana qalxıblar. Onlar Çin dilinin digər xarici dillər - alman və fransız dillərinin hesabına tədris olunmasına etiraz edirlər.
AzEdu.az xəbər verir ki, Çin dilinin Rusiyanın ali məktəblərində aktiv tədrisinin tətbiq olunmasına ötən tədris ilindən başlanılıb. Çin dilini öyrənməyin böyük gələcəyi olması rusiyalı gənclərə təlqin olunur.
Əvvəllər Rusiyanın ali məktəblərində əsasən 5 xarici dil öyrənilirdi: ingilis, alman, fransız, ispan və yapon dilləri. Hazırda alman və fransız dillərinin öyrənilməsi dayandırılıb və onun əvəzində 3-cü kursdan başlayaraq bütün tələbələri Çin dilini öyrənməyə məcbur edirlər. Elə buna görə də MFTİ-nin tələbə şurası Çin dilinin məcburi öyrənilməsinə qarşı etiraza qalxıblar. Tələbələr eyni zamanda, alman və fransız dillərinin tədrisinin bərpa olunmasını tələb edirlər.
Məlum olduğu kimi, Rusiya ali təhsil müəssisələrinə tətbiq olunan bu yenilik Ukraynaya qarşı başlamış müharibə və bunun nəticəsində Rusiya-Çin yaxınlaşmasının ortaya çıxardığı reallıqlardandır. Təbii ki, Rusiya Federasiyasında müharibə və ya prezident Putinin dediyi kimi, "xüsusi hərbi əməliyyat"a qarşı çıxmaq mümkün deyil Çünki hökumət vəziyyəti qabaqcadan görərək, bu istiqamətdə etiraza qalxanları ciddi cəzalandrmaq haqqında cinayət məcəlləsinə dəyişikliklər edib. Rusiyalı tələbələr də müharibəyə qarşı etiraz etmək kimi şansalarının olmadığını başa düşərək bu müharibənin ortaya çıxardığı yeni şəraitə qarşı etiraz edirlər.