Hər il minlərlə tələbə ali təhsil müsəssisələrindən müəllim ixtisası üzrə məzun olur.
Bəs məzunların sayı müəllimlərin işə qəbul vakansiyası ilə adekvatdırmı?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında məsələ ilə bağlı vacib məqamlardan söz açıb:
"Hər 5-7, ən yaxşı halda isə 8 minədək müəllim ixtisası üzrə vakansiya elan olunur. Amma Azərbaycanda fəaliyyət göstərən 54 universitetin təxminən 25-30-u müəllim hazırlığı ilə məşğuldur. Əlbəttə ki, bunlar vakansiya yerləri ilə adekvat deyil. Məsələ ilə bağlı birmənalı olaraq müzakirələr aparılmalıdır. Bu iş Elm və Təhsil Nazirliyi, yaxud Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tənzimlənməlidir. Müəllim ixtisası üzrə təhsil verməklə nə qazanırıq və niyə bu qədər rəqabət ilə maraqlıyıq? Əvvəlcə bunu düşünmək lazımdır.
Müəllimlərin işə qəbul vakansiyası göstərir ki, qəbul planında məhdudiyyətə gedilməsinə ehtiyac duyulur. Əvəllər daha rahat iş yeri təmin olunsun deyə, maraq üçün bu ixtisası seçirdilər. Bildiyimiz kimi, müəllim ixtisası üzrə sənəd verənlərin sayı o qədər artmışdı ki, artıq müəllim ixtisasına qəbul, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə eyniləşmişdi. Çox yüksək ballar ilə müəllim ixtisasını seçənlərin olduğunu görürük. Təcrübədən çıxış edərək deyirəm ki, bu il, yaxud növbəti ildə burada geriləmə müşahidə olunacaq və bu temp aşağı düşəcək. Ona görə ki, müəllim ixtisası üzrə vakansiya məhdud saydadır. Məzunların sayı ilə adekvat deyil. DİM bu məsələyə korrekt yanaşmalıdır. Ali təhsil müəssisələrində müəllim ixtisası üzrə qəbul planı azaldılmalıdır".
M.Məmmədli bu məsələyə MİQ imtahanlarının da böyük təsir etdiyini bildirib:
"Bildiyimiz kimi, dörd il oxuyub diplom alandan sonra müəllimlər işə qəbul üçün mütləq imtahan verməlidir. Burada sual yaranır, əgər bu sistem varsa, hazırlanıbsa, bu nə üçün tədrisdən sonra məzun olan müəllimlər üçün keçirilməsin. Universitet MİQ imtahanlarını diplom ilə bərabər vermə şansı yarada bilər. Madam ki, mütləq şəkildə məzun MİQ imtahanı verməlidir, o zaman universitetdə dövlət imtahanı, diplom işi yerinə bu imtahanı verib, universitetdən hazır müəllim kimi məzun olsun. Burada diplom alıb, daha sonra əlavə hazırlığa gedib, MİQ imtahanı verməyə ehtiyac duyulmasın".