Bu gün İlaxır çərşənbədir. Bu çərşənbənin adət-ənələrindən biri papaq atmaqdır.
Əvvəllər Novruz bayramı ərəfısində pay istəmək üçün şal atıblar, bacadan torba sallayıblar. Müasir dövrdə isə bu ənənə papaq atma ilə əvəz olunub. Ümumilikdə burada məqsəd atılan papağı boş qaytarmamaq və içinə Novruz nemətlərindən pay qoymaqdır.
AzEdu.az xəbər verir ki, bu gün Bakı Ali Neft Məktəbində (BANM) maraqlı hadisə yaşanıb. Belə ki, rektor Elmar Qasımovun otağının qapısına papaq atılıb.
“Səhər kabinetdə oturduğum anda qapım möhkəm döyüldü. Dedim buyurun. Cavab gəlmədi. Yenə möhkəm döyüldü. Təəccüblə yenə dedim ki, buyurun. Köməkçim gülə-gülə içəri daxil olub dedi ki, qapıya papaq atlblar.
Uşaqlıqda yaşadığımız və təəssüflə yavaş-yavaş unutduğumuz gözəl ənənələrimiz yada düşdü. Tonqal yandırmaq, şəkərbura bişirilmə sevinci, papaq atmaq, yumurta döyüşdürmək, səməni göyərtmək. Nə gözəl bayramdır Novruz bayramı.
Ənənəyə uyğun olaraq papağa öz sovqatımı qoyub yola saldım”, - deyə BANM-ın rektoru bildirib.