Universitetlərimizin tarixi elə xalqımızın, millətimizin tarixidir deyənlər heç də yanılmırlar. Elm və təhsil müəssisələri bütün millətlərin tarixi inkişafı ilə sıx bağlıdır. Biz elm tariximizi bilirikmi? Bizim məzun olduğumuz, təhsil aldığımız, qəbul olunmaq istədiyimiz universitetlər hansı inkişaf yolu keçmişdir?
AzEdu.az bütün bunların oxucularımız üçün maraqlı olacağını nəzərə alacaq. Həm də ilk rektorlarımızla sizi tanış edəcəyik. Siz universitetlərimizin uzun illər bundan əvvəl rəhbərləri olmuş dahi şəxsiyyətlərin həyat və yardıcılıqları ilə tanış olmaqla müqayisə imkanı əldə edəcəksiniz. Bu universitetlərin bu günü haqqında da məlumatınız olacaq.
Azərbaycan elm və təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetindən (BDU) başlamaq istəyirik. Çünki Bakı Dövlət Universitetinin keçdiyi inkişaf yolu respublikamızda olan bütün ali məktəblər üçün nümunədir. Parlaq nümunə.
Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.
Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.
BDU-nun ilk rektoru, professor Vasili İvanoviç Razumovski olub. O, 8 aprel (22 mart) 1857-ci ildə Rusiya imperiyasının Samara quberniyasının Bululukski dairəsinin Yefimovka kəndində doğulub.
1880-ci ildə Kazan Universitetinini bitirib. 1887-ci ildə Kazan Universitetinin cərrahiyyə üzrə professoru olub.
1893-cü ildə professor ilk dəfə olaraq Şimali Qafqazdakı Mineralnıye Vodı şəhərinə turist kimi gəlib.
1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah konsultant işləməyə başlayıb.