İran təhsil nazirinin müavini Yunus Pənahi Qumda və digər şəhərlərdə məktəbli qızların kütləvi şəkildə zəhərlənməsinin qəsdən törədildiyini bildirib. Yunus Pənahinin bildirdiyinə görə, kimsə və ya kimlərsə xüsusi ilə qızların oxuduğu məktəblərin müvəqqəti olsa da, bağlanmasına çalışıb.
AzEdu.az xəbər verir ki, nazir müavininin dediyindən məlum olur ki, qızların zəhərlənməsində istifadə olunan kimyəvi maddə hərbi təyinatlı deyil və zəhərlənən qızlar üçün ciddi müalicə tələb olunmayıb. Zəhərlənmə nəticəsində əmələ gələn simptomlar müalicəyə cavab verib. Yəni, qızları zəhərləməyi qarşılarına qoyanlar heç də onların öldürülməsinə çalışmayıblar. Bu son hadisələr zamanı nümayişə çıxan və baş örtüklərini yandıran qızların İran xüsusi xidmət orqanları tərəfindən gözündən vurulub yaralanmasına bənzəyir. Yəni etiraz nümayişləri zamanı qadınlara atəş açanlar da onları öldürüb ölü sayını artırmaq fikrində deyildilər. Onlar da qızları göz və digər həssas yerlərindən yaralayırdılar ki, nümayişdə iştirak edə bilməsinlər və bütün ömürləri boyu damğalı gəzsinlər.
Parlamentin Səhiyyə Komitəsinin üzvü Humayun Samə Nəcəfabadi də “Didbanİran” saytına verdiyi müsahibədə qeyd edib ki, Qum və Borucerd şəhərində tələbə qızların zəhərlənmsi məqsədyönlü şəkildə təşkil olunub.
Amma bundan əvvəl İran təhsil naziri Yusif Nuri məktəbli qızların qəsdən zəhərlənmsini şayiə adlandırmışdı. Bildirmişdi ki, qızların kütləvi xəstəxanalara düşməsinin səbəbi başqa xəstəliklərdir.
Bütün bunlara baxmayarq məktəbli qızların zəhərlənmsi halları hələ də davam edir. Son iki gündə İranın Qərbindəki Burucerd şəhərində yenə də 50-dən artıq məktəbli qızın zəhərlənməsi barədə məlumat daxil olub.
Zəhərlənmə hadisələri dekabr ayında Qum şəhərində başlayıb və digər şəhərlərə yayılıb. Hakimiyyət kütləvi zəhərlənmənin qarşısını almaqla bağlı hər hansı bir açıqlama vermir və təhqiqat aparmır. Sadəcə, hakimiyyətə bağlı mətbuat orqanları iddia irəli sürürlər ki, bəzi qruplar qadınların oxumasına qarşı çıxdıqları üçün bu hadisələri törədirlər.
Amma İranda məktəbli qızların kütləvi şəkildə zəhərlənməsinin elə qadınların mitinq və nümayişlərdə iştirak etməsinə mane olmaq məqsədi güddüyünü iddia edənlər də var. Hər halda insanların ölümünə səbəb olmayan, onların bir neçə aydan sonra sağalması ilə nəticələnən kimyəvi – bioloji maddənin seçilməsi bu işi dərindən bilməyən həvəskarlar tərəfindən törədilməsinə şübhə yaradır.
Qızların mitinqlərdə iştirakının qarşısını onları zəhərləmək yolu ilə almaq? Necə də dəhşətli səslənir!