İranda Bəsic qüvvələrinə aid bir qrup yarımhərbi adam Tehran şəhəri yaxınlığındakı İsmayşəhərdə yerləşən qızların təhsil aldıqları xarici dil məktəbinə hücum edib. Onlar hicab geymədikləri bəhanəsi ilə bir neçə qızı özləri ilə aparıb.
AzEdu.az xəbər verir ki, “İran İntrnational” portalının məlumatına görə, ölkədə son aylarda baş verən hicab əleyhinə mitinqlərdən sonra qızlar məktəbinə hücum və qanunsuz həbs edilmə adi hala çevrilib. Qızlarını məktəbə göndərən valideynlər artıq onların axşam evə qayıdacaqlarına əmin deyillər.
İran xüsusi xidmət orqanları son mitinqlərin ardınca qadınlara qarşı ciddi hərəkat başladıb. Tez-tez universitet və qız məktəblərində reydlər keçirilir, siyahidə olan qadınlar həbs olunur və işgəncələr verilmək üçün polis məntəqələrinə atılır. Bu işdə Bəsic qüvvələri daha çox fəaldır.
Bəsic İran İslam İnqilabının banisi Ayətullah Xomeyni tərəfindən 1979-cu ilin noyabr ayında yaradılmış yarımhərbi könüllü milis təşkilatıdır. Bu təşkilat birbaşa dini liderdən - indiki halda Əli Xameneidən əmr alır. Hazırda rəsmi dini mərasimlərin təşkil edilməsi, sosial xidmətin təşkili, əxlaq polisi və müxalif toplaşmaların dağıdılması kimi fəaliyyətlər də daxil olmaqla, daxili təhlükəsizlik qoşunlarının yardımçı qüvvəsi kimi fəaliyyət göstərir. İran İslam Respublikasının dini lideri Ayətullah Xameneinin fərmanı ilə 2016-cı ildən Briqadir Qulam Hüseyn Qeybpərvər İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Müqavimət Qüvvələrinin komandiri təyin olunub.
Lakin həyata keçirilən tədbirlər İran qadınlarının rejimə qarşı mübarizə ruhunui sındırmaqda gücsüzdür. Qızların təhsil aldığı məktəbə hər hücumdan sonra hadisənin baş verdiyi şəhərdə mitinqlər toplanır, rejimə, dini liderə qarşı şüarlar səsləndirilir. Bu mitinq və çıxışların 40 ildir ki, davam etməsi insanların İslam hökumətinə münsibətinin təzahürdür.
Artıq İran rejiminin ətrafında olan qüvvələr belə onun qadınlara qarşı zorakılığını qəbul edə bilmir, hakimiyyətə qarşı etiraz səslərini qaldırırlar. Bu yaxınlarda məhz hakimiyyətdə olan qüvvələrin dini intellektualları cərgəsinə daxil olan 15 elm xadimi ruhanilərin qadınlara qarşı yürütdükləri repressiv metodlara qarşı öz etirazlarını bildirərək bəyanat vermişdilər.
Hakimiyyət orqanlarının hicaba görə insanlara bu qədər amansızlıqla divan tutması ənənəvi geyimə qarşı cəmiyyətin bütün təbəqələrində nifrət hissini gücləndirib. Hakimiyyət orqanlarının gizli şəkildə keçirdikləri və elan etmədikləri sorğuya əsasən, qadınların 80 faizi hicabın məcburi şəkildə tətbiq edilməsinə qarşı çıxırlar.