Sosial şəbəkədə 49 nömrəli “İntellekt” məktəb-liseyin ingilis dili müəllimi Könül Həsənovanın şagirdlərdən müalicəsi üçün pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Bu barədə yayılan məlumatda bildirilib ki, ötən ilin dekabr ayında əməliyyat üçün Türkiyəyə gedən müəllim oradan rəhbərlik etdiyi sinfin valideynlərinə səs ataraq uşaqlardan pul tələb edib.
Səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olduğundan araşdırma başlanıb.
Təbii ki, müəllimin şagirdlərindən pul tələb etməsi təhsil işçisinin etik davranış qaydalarına ziddir. Bu kimi hallarda qanunvericiliyin tələbinə uyğun olaraq müllimlə bağlı hansı cəza tədbirləri həyata keçirilə bilər?
Mövzu ilə bağlı hüquqşunas Turan Abdulzadə AzEdu.az-a açıqlamasında qanunvericiliyin tələblərini önə çəkib:
“Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş Müəllimlərin Etik Davranış Qaydaları var.
Bu Qaydaların tətbiqində əsas məqsədlərdən biri təhsil müəssisəsində korrupsiya hallarının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.
Habelə həmin qaydalara əsasən, müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır.
Təbii ki, müəllimin şagirdlərindən pul tələb etməsi müəllimlərin etik davranış qaydalarına ziddir. Çünki belə hərəkətlər müəllimin və müəllimliyin nüfuzunu aşağı salır.
Lakin qeyd etdiyimiz müəllimin əməllərində inzibati xəta və cinayət tərkibi yoxdur. Belə ki, həqiqətən də müəllimin xəstəliyi və əməliyyat olunmasının zəruriliyi mötəbər dəlillərlə sübuta yetirilirsə, burada rüşvətxorluq və korrupsiya hüquq pozuntularının tərkibi yaranmır. Belə ki, qeyd olunan halda müəllimin şagirdlərindən pul istəməsinə səbəb tamah motivi, dələduzluq və ya şəxsi maraqla bağlı motivlər deyil. Ona görə də burada biz yalnız intizam məsuliyyətindən və etik davranış pozuntularından danışa bilərik. Təbii ki, müəllimin şagirdlərindən pul istəməsi qanuni hesab edilə bilməz. Lakin könüllü olaraq xəstəliyinə və əməliyyat olunmasına görə şagirdlərindən pul göndərmələrini xahiş etməsi hər hansı ciddi məsuliyyətə səbəb ola bilməz. Qanunvericilik digər şəxslərə və qurumlara könüllü şəkildə ianəni, hədiyyəni və yardımı qadağan etmir. Müəllim hədə-qorxu və zor tətbiqi ilə bunu şagirdlərindən tələb etsəydi, daha ciddi sanksiya barədə fikirlər söyləmək olardı. Hazırkı halda isə düşünürəm ki, müəllim həqiqətən xəstədirsə, ona şifahi xəbərdarlıq etməklə və ya etik davranış qaydalarını pozduğu üçün töhmət verməklə də kifayətlənmək olar”.