Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında 14488 bakalavr və 2704 magistrant imtahanlarda iştirak edəcək. Bu günədək imtahanlarda 11521 nəfər tələbə iştirak edib. Onlardan 538 nəfər qeyri-kafi, 3230 nəfər qənaətbəxş, 2045 nəfər kafi, 2086 nəfər yaxşı, 1478 nəfər çox yaxşı, 2055 nəfər əla qiymətlər alıb. 72 nəfər tələbə imtahanlarda iştirak etməyib, 16 nəfər isə imtahanlardan çıxarılıb.
AzEdu.az xəbər verir ki, ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imthan prosesinə nəzarət olunur.
Qeyd edək ki, imtahanlar 2 formada (yazılı, yazılı-şifahi) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. ADNSU-da payız semestrinin imtahan sessiyası qiyabi şöbədə dekabrın 26-dan, əyani şöbədə isə yanvarın 5-dən başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsir imtahanı üzrə) fevralın 3-dən 15-nə kimi 25% ödənişlə təkrara imtahan verə bilər.