“Universitet tələbələrinin məzun olduqdan sonra işsiz qalmalarının birinci səbəbi özlərindədir”
İşsizlik Azərbaycanda əhalinin ən çox dilə gətirdiyi problemlərdən biridir. Xüsusən, universiteti bitirən məzunlar iş tapmaqda xeyli çətinliklərlə üzləşirlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib universiteti bitirən tələbənin işsiz qalmasının əsas səbəbəbini məzunların özlərində görür:
“Əvvəllər işə qəbul olmaq üçün ilk ağıla gələn vasitə pul idisə hazırda elə bir dövrdə yaşayırıq ki, insanın savadı və məqsədi olduqdan sonra bütün səhələrdə işləyə bilər.Bəzi hallarda tələbənin ixtisas seçimidə iş tapmağa təsir edir. Bu elə bir ixtisas ola bilər ki, hazırda həmin sahəyə əmək bazarında yetərincə yer və ehtiyac yoxdur. Həmin sahələrə üzümçülük,şərabçılıq və.s adını çəkə bilərik ki, bunlar əmək bazarında çox az yer ayrılıb.
Məzunların işə qəbulunu asanlaşdırmaq üçün lazımsız ixtisasları qəbul proqramından çıxartmaq lazımdır.Tələbələrin məzun olduqdan sonra rahat iş tapması üçün birinci savad, daha sonra düzgün ixtisas seçimi vacib nüanslardır”.
Ekspert, məzunların niyə görə iş tapa bilmədiyinin səbəblərindən söz açıb:
“Məzunların ən çox rastlaşdığı problemlərdən biri də iş təcrübəsinin olmamağıdır. Müəssisələrin 90%-i ən az bir il iş təcrübəsi tələb edir. Onlar düşünmürlər ki, universiteti bitirmiş məzunun nə dərəcədə iş təcrübəsi ola bilər?! Bunu tələb etmək nə dərəcədə doğrudur?! Həqiqətən savadlı işçi istəyən şirkətlər universiteti yeni bitirən məzunlara müəyyən şanslar yaratmalıdır. Təcrübəsi olmayan şəxslərə bəzi güzəştlər edilməli, ən azında stajor kimi fəaliyyətlərinə imkan yaratmalıdırlar”.
S.Purkeştasib, pedaqoji sahədə işsizliyin aradan qaldırılması üçün bəzi təkliflər edib:
“Pedaqoji sahədə işə qəbulu misal çəksək, tələbə dövlət imtahanını verib diplom aldıqdan sonra vakansiya seçimində iştirak edir və işlə təmin olunur.Bu sahəni bitirən tutalım ki, min tələbə varsa, iki yüzü bunu edə bilir. Geridə qalan səkkiz yüz nəfər isə işsiz qalır. Bu zaman yekun imtahanı müəllimlərin işə qəbulu səviyyəsində edib, qənaətbəxş nəticəsi olan məzunların ballarını bir başa Elm və Təhsil Nazirliyinə yönləndirərək onların birbaşa vakansiya seçimində iştirak etməsi üçün şans yaratmaq lazımdır. Universiteti bitirən kişi məzunlara gəldikdə isə, müəllimlərin işə qəbulu imtahanında toplanılan bal iki il qüvvədə qalır. Universiteti bitirmiş məzunun əsgərliyə getmə müddəti isə bir ildir. Qayıtdıqdan sonra həmin nəticə ilə vakansiya seçimində iştirak edə bilər.
Bəzən universitetlər tərəfindən karyera bələdçiliyi istiqamətində təlimlər keçirilir. Bu təlimlər tələbələrin gələcək fəaliyyəti üçün o qədərdə əhəmiyyətli deyil və çoxsu formal funksiyaya malikdir. Azərbaycanda bu təlimlərin effektivlik səviyyəsi sıfırdır”- deyə,o fikrini tamamlayıb