Azedu.az

Məktəb-liseydə böyük alimə həsr olunan tədbir – Akademik  Həsən Əliyev-115

Araşdırma

13 Dekabr 2022, 16:13
Məktəb-liseydə böyük alimə həsr olunan tədbir – Akademik  Həsən Əliyev-115

 

 

 

Vaqif Əliyev adına Lənkəran Şəhər 4 nömrəli məktəb – litseydə böyük təbiətşünas alim akademik Həsən Əliyevin anadan olmasının 115 illiyinə həsr olunmuş tədbirdə keçirilib.

 

Tədbiri məktəb – litseyin direktoru Səadət Kazımova açıq elan edib.  O, qeyd açılış nitqində belə  tədbirlərin  məktəblilərin ekoloji dünyagörüşünün formalaşmasında, ətraf mühitin qorunmasında, ekologiyamıza, təbiətimizə və sevgi hisslərinin aşılanmasında mühüm rol oynadığını vurğulayıb.

 

 Məktəblərdə ekoloji mövzuda maarifləndirici tədbirlərin keçirilməsinə mütəmadi diqqət yetirdiyinə  görə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə, başçılıq etdiyi pedaqoji kollektivin adından  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  rəhbərliyinə  təşəkkürünü bildirib.

 

 

Sonra  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional İdarəsinin əməkdaşı, tanınmış yazıçı–ekoloq, Prezident mükafatçısı Bəxtiyar Hüseynovun Akademik Həsən Əliyevin anadan olmasının 115 illiyinə həsr olunmuş məruzəsi dinlənililib. Akademik H. Əliyevin keçdiyi keşməkeşli həyat yolundan və elmi yaradıcılığından bəhs edən məruzəçi Azərbaycan təbiətinin Patriarxı sayılan böyük alimin elmi düşüncələrinin toplusu olan  “Həyəcan təbili” kitabını xüsusi diqqətə çatdırıb və bu kitabın Azərbaycan təbiətşünaslığına mühüm töhfə kimi dəyərləndirib.

 

Sonda B. Hüseynov məktəblilərin ekoloji ruhda tərbiyə olunması, onların ekoloji dünyagörüşünün formalaşması üçün yaradılan şəraitə görə Respublika Elm və Təhsil Nazirliyinə, habelə Lənkəran – Astara Regional Təhsil İdarəsinə, habelə Vaqif Əliyev adına Lənkəran  şəhər  4 nömrəli orta məktəb – litseyin rəhbərliyinə minnətdarlığını bildirmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əyani vəsaitlərini, habelə  müəllifi olduğu “Qarabağın təbiəti və ekologiyası”, “Azərbaycan  təbiəti : dünən, bu gün,  sabah” kitablarını  məktəbə hədiyyə edib.

 

 

Qeyd edək ki, Azərbaycanın görkəmli təbiətşünas alimi, Respublika Dövlət Mükafatı laueratı, Əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyev ölkəmizdə çoğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin aşkarlanmasında müstəsna xidmətlər göstərib. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurla həyata keçirib.

 

 

Tarixdə elə şəxsiyyətlər var ki, onlara ölüm anlayışı yaddır. Çünki onlar möhtəşəm düşüncələri, xeyirxah əməlləri ilə əbədiyyətin nurlu elçiləri sayılırlar. Bəşərin xəyalları, arzuları bu şəxsiyyətlərin fəaliyyəti ilə gerçəkliyə çevrilir. Bu gün istər aramızda olan, istərsə də dünyamızı cismən tərk edən, bizdən ayrılan, ancaq əbədi yaşamaq hüququ qazanan dahi şəxsiyyətlərin misilsiz xidmətləri böyük ehtiramla xatırlanır. Təbii ki, Akademik Həsən Əliyev onların arasında fəxri yer tutub.

 

 

Dünyaşöhrətli alim parlaq bir həyat yaşayıb, xalqa, vətənə göstərdiyi misilsiz xidmətləri ilə əvəzsiz örnəyə, məktəbə çevrilib. Onun keçdiyi həyat yolu da fikirlərimizi bir daha təsdiqləyir.

 

 

Həsən Əlirza oğlu Əliyev 1907-ci ildə Qərbi Azərbaycanda anadan olub. Doğma Comərdli 1918-ci ilin yazında quldur Andranikin basqınına məruz qalanda, kənd camaatı Naxçıvana üz tutub. Həsən Əliyev də burada əvvəl axşam məktəbində oxuyub, 1924-1930-cu illərdə isə Naxçıvan Kənd Təsərrüfat Texnikumunda təhsil alıb. Sonra Gəncəyə gələrək, ali təhsil alıb və aspiranturanı bitirib. Sonrakı dönəmdə SSRİ EA Azərbaycan Filialının  Torpaqşünaslıq bölməsində elmi işçi və elmi katib işləyib. Elə o vaxtdan da xam torpaqların tədqiqinə başlayıb. Bunun nəticəsində elmə “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafiyanı bəxş edib.

 

II Dünya Müharibəsi başlananda Həsən Əliyev orduda əsgərlərin döyüş ruhunun yüksəldilməsində mühüm rol oynayıb. Müharibədən sonra yenidən əvvəlki iş yerinə qayıdaraq, SSRİ EA Azərbaycan Filialının Coğrafiya bölməsinə rəhbərliyə başlayıb. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alması isə Həsən Əliyevi həmişəlik elmə bağlayıb. Doqquz il sonra o, Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülüb. Elmi tədqiqatlarla bərabər təşkilati işlərlə də müntəzəm məşğul olan Həsən müəllim Torpaqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952) və Azərbaycan KP MK-nin katibi (1952) vəzifələrində çalışıb.

 

 

Həsən Əliyev Azərbaycan EA-nın yaradılmasından sonra elmi kadrların hazırlanmasına böyük əmək sərf edib. Eyni zamanda, akademiyanın torpaqşunaslıq və coğrafiya bölmələrinin qurulmasında da mühüm rol oynayıb.

 

O dövrdə dünyanın bir çox ölkələrində, o cümlədən, keçmiş SSRİ-də ətraf mühitin çirklənməsi geniş yayılmışdı. Belə bir şəraitdə bir qrup qabaqcıl alim ətraf mühitin mühafizəsinin zəruriliyini elmi biliklərlə əsaslandırırdı. Onların arasında akademik Həsən Əliyev də vardı. O, ətraf mühitin mühafizəsi işinə hələ 1955-ci ildə Azərbaycan       EA-nın təbiəti mühafizə üzrə komissiyasında sədr kimi başlamışdı. Sonralar görkəmli alimin təşəbbüsü ilə akademiyanın Coğrafiya İnstitutunda təbiətin mühafizəsi şöbəsi açılmış və ona institutun direktoru akademik Həsən Əliyev özü rəhbərlik etmişdi. Ətraf mühitin mühafizəsi ilə əlaqədar böyük alimin elmi düşüncələri, narahatlıqları məhz onun “Həyəcan təbili” kitabında öz əksini tapmışdı. 1982-ci ildə işıq üzü görən bu kitab, həqiqətən, füsunkar, zəngin flora və faunaya malik Azərbaycan təbiətinin mühafizəsinin zəruriliyi ilə əlaqədar çalınan həyəcan təbili idi. Təsadüfi deyil ki, akademik öz fikirlərini oxucuları ilə bölüşərək yazırdı: “Əlimə qələm alarkən torpağın tədqiqindən başladım. Bəs torpağın dərdi? Torpağın dərdi çoxdur. Onu düşünmək, görmək və hiss etmək lazımdır. Torpaq dilə gəlib şikayətləndi. Kimdən? “Özünün süd verib, bəslədiyi” insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından biri kimi haray saldım, dövrü mətbuatda məqalələrlə çıxış etdim, dedim ki, qoy səsimi hamı eşitsin. Oxucular səsimə səs verdilər. Dedilər ki, “təbil çal”, qoy hamı eşitsin. Kitabın adını da nəşriyyat, dostlarım qoydular: “Həyəcan təbili”. Dedilər ki, “Həyəcan təbili”ni haradan asaq ki, hamı eşitsin. Dostlarımdan biri dedi: “Həyəcan təbili”ni insanların qulağının dibindən asmaq lazımdır...”.

 

 

Publisist alim meşəni haqlı olaraq “həyat mənbəyi, yaşıl ciyər”, havanı təmizləyən və tənzimləyən əvəzsiz sərvət, torpağın xilaskarı adlandıraraq yazırdı: “Meşə sudur, su məhsuludur, məhsul isə həyatdır... Meşəni, Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur. Yaşıllığa ölçüsüz - biçisiz hücum insana qarşı yönəldilmiş ən ağır müharibədir... Düşmən hər hansı bir ölkəyə hücum edəndə birinci növbədə onun       adamları ilə bərabər meşəsini də qırır. Meşəsi məhv olmuş milləti, xalqı, torpağı təslim etmək, məhv etmək asandır. Meşə xalqın sərvətinin tacıdır, meşəsiz torpaq yazıqdır, səqirdir, miskindir...”.

 

 

“Həyəcan təbili”ndə mineral suların, batırılan bulaqların, azalmış balıqların, meyvə bağlarının...vəziyyətindən geniş bəhs edilir. Müəllifin harayı bir sahə ilə məhdudlaşıb qalmır, təbii sərvətlərimizin müxtəlif guşələrinə yayılır. Alim-publisist xalqa arxalanıb deyir: “Düşmən torpağımıza hücum edəndə hər şeydən qabaq bulaqları qoruyun. Bulaqlar əlimizdə qalsa, düşməndən qorunmaq asandır. “Düşmənə hücum edəndə ən əvvəl içməli sularını əlindən alın. Sudan məhrum olan düşməni əzmək asandır”.

 

 

Kitabda oxuyuruq: “Quş səsi olmasaydı, təbiət lal - kar olardı. Quşlar təbiətin ən canlı, poetik bir aləmidir. Quşsuz təbiət, mizrabsız tara bənzər”.

 

 

Çox obrazlı və poetik deyilib. Təkcə təbiət deyil, insanlar da quş səsindən, avazından çox şey əxz ediblər. Meşəsiz, bağ - bağatsız quşların çoxalacağını, artacağını da təsəvvür etmək çətindir. Kitabda alim bir qədər patetik şəkildə soruşur ki, nə üçün Almaniya meşələrində maral, cüyür, qaban, dağ keçisi sürü ilə gəzdiyi halda, bizim meşələrdə bunlar barmaqla sayılsın? Hətta yaşlı adamların söylədiklərinə əsaslanıb göstərir ki, lap bu yaxın keçmişə qədər Qarabağ, Mil, Muğan və Şirvan düzənliklərində addımbaşına ceyran sürüləri ilə rastlaşmaq olardı.

 

Bəs indi onlar niyə görünmürlər? Nə üçün təbiətdə bu nadir heyvanları indi, necə deyərlər, əliçıraqlı da axtarıb tapmaq mümkün deyil? Nəyə görə Muğanda onların nəsli tamam kəsilmişdir?..

 

Həsən müəllim təbiətə qarşı son dərəcə həssas və qayğıkeş münasibət bəsləyirdi. Təbiətlə bağlı heç bir şey onun nəzərindən qaçmırdı. Məlum olduğu kimi, Narbənd ağacı  nadir ağaclardan sayılır. Deyilənə görə, o, bir dəfə Naxçıvanda olarkən yolu Böyük düzdən keçir. Onun nəzərini cərgələnən Narbənd ağaclarının tüstüləndiyi cəlb edir. Yaxınlaşıb görür ki, hansısa nadan ağaclara od vurub. Minillik tarixə malik olan bu nadir ağacların həyatına bir azdan son qoyulacaqdı. Şok vəziyyətə düşən alim ağacların xilası üçün yollar düşünsə də, real təhlükədən onları qurtara bilmir. Ağacların fəryadına kömək edə bilməyəcəyini düşünəndə, hətta özünü danlayır. “Hardasan, ay Mirzə Cəlil” - deyə, dərindən köks ötürür. Başını qucaqlayıb ağaclarla bir yerdə fəryad edir. Bu məqamda onu dindirən olsaydı, yəqin ki, uşaq kimi hönkür - hönkür ağlayacaqdı...

 

Akademik Həsən Əliyevin elmi fəaliyyətini statistik rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, o, 500 elmi əsərin, onlarla kitab və monoqrafiyanın müəllifi olub. Alimin rəhbərliyi sayəsində ölkəmizdə 40 - a qədər elmlər namizədi, 8 elmlər doktoru yetişib. Həsən müəllimin elmi varisliyini bu alimlər nəsli qoruyaraq, inkişaf etdirib. Torpaqşünaslıq, coğrafiya, əkinçilik, təbiəti mühafizə və digər elmi istiqamətlərdə aparılan tədqiqat işləri öz bəhrəsini verib. Respublikamızda bu sahələrdə elmi sistemlər qurulub və praktik fəaliyyət uğurlu nəticələr verib.

 

Həsən Əliyev yalnız elmi fəaliyyətlə kifayətlənməyib, elmin təbliği və cəmiyyətin maarifləndirilməsi ilə bağlı mühüm işlər görüb. Hələ 1925 - ci il oktyabr ayının 5 - də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cü ildə “Molla Nəsrəddin” jurnalında “Müəllim lazımdır” məqalələrini dərc etdirib. Bu fəaliyyətin içtimai əhəmiyyətini yüksək dəyərləndirərək, ömrü boyu davam etdirib. O, uzun illər “Azərbaycan təbiəti” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib, respublikanın müxtəlif mətbuat orqanlarında aktual publisistik məqalələrlə çıxış edib.

 

Akademik Həsən Əliyevin 1970 - ci ildən etibarən elmi fəaliyyətinin yeni dövrü başlanıb. Bu mərhələdə onun “Meşələrin torpaq prosesinə təsiri”, “Azərbaycanın Kür boyu Tuqay meşələri”, “Yaşıl sərvətin keşiyində”, “Naxçıvan MSSR-nin torpaqları”, “Böyük Qafqazın torpaqları”, “Azərbaycanın torpaq ehtiyatları, onlardan səmərəli istifadə olunması və qorunması” və s. kimi dəyərli kitabları nəşr olunub. Alimin əsərləri keçmiş SSRİ-nin sərhədlərini aşaraq, ABŞ, Fransa, Belçika, Şərqi Avropa ölkələri, Vyetnam və Yaponiyada geniş içtimaiyyətə çatdırılıb.

 

Həsən Əliyevin bir şəxsiyyət kimi böyüklüyü təkcə onun tədqiqatları, elmi kəşfləri, humanistliyi, vətənpərvərliyi  ilə məhdudlaşmayıb. O, qəlbinin hökmü ilə doğma Azər baycanın kənd və qəsəbələrini qarış - qarış gəzərək, insanlarla görüşüb, problemlərini öyrənib, onları təbiətin mühafizəsi ilə əlaqədar maarifləndirib. Eyni zamanda, dünyanın əksər             ölkələrində beynəlxalq elmi konfranslara, forumlara dəvət alaraq, doğma Azərbaycanı, onun füsunkar təbiətini elmi məruzələri ilə təbliğ edib.

 

Akademikin xatirəsinə ən böyük abidə bu gün Azərbaycan təbiətinin yaşıllaşdırılmasına göstərilən qayğıdır, təbiətin sağlamlaşdırılmasıdır. Respublikamızda Prezident İlham Əliyevin ətraf mühitin, xüsusilə yaşıllıqların mühafizəsi və artırılması ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Nazirliyin yerli qurumlarının təşkilatçılığı ilə davamlı şəkildə ağacəkmə kampaniyası keçirilir. Yaşıllaşdırma, abadlıq, səliqə - sahman yaratmaqla görülən işlər ölkəmizin ekologiyasının sağlamlığına və insanlarımızın rahatlığına xidmət edir.

 

Birinci Vitse - Prezident Mehriban xanım Əliyevanın da ekologiyamıza, təbiətimizə sistemli qayğısı göz önündədir. Mehriban xanımın bu sahədə gördüyü işlər nəinki ölkəmiz, həm də bütün dünyanın təbiətsevərləri üçün   əvəzsiz örnəkdir.

 

Onu da qeyd edim ki, bu gün gəncliyin təbiətə qayğısı kimi IDEA İctimai Birliyinin ekoloji layihələri çərçivəsində aparılan yaşıllaşdırma işləri, habelə on minlərlə ağacın əkilməsi təbiətin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına dəyərli  töhfədir.

 

Akademik Həsən Əliyev öz əsərlərində Qarabağ təbiətini Azərbaycan təbiətinin tacı kimi dəyərləndirirdi. Təəssüf ki, zəngin bioloji müxtəlifliyə malik bu təbiət otuz il işğalda qaldı. Lakin ürəyi Vətən sevgisi ilə döyünən böyük alim bu ağrını özüylə apardı, başqa sözlə desək Qarabağın azad təbiətini görə bilmədi. İndi isə talançılığa  məruz  qalan  bu  təbiət dirçəldilir. Təbii ki, həyatı vaxtsız tərk edən alim – ekoloqlar kimi Həsən Əliyevin  bu  gün   ruhu şaddır.

 

Ömrünü Azərbaycan təbiətinin qorunmasına, zənginləşdirilməsinə həsr etmiş akademik Həsən Əliyevin fəaliyyəti əsl tərbiyə və nümunə məktəbidir. Bu məktəb Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin inkişafında, bir sıra yeni elmi istiqamətlərin müasir simasının müəyyənləşməsində önəmli rol oynayır və xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirilir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox