“İngilis dilində yazılan elmi tədqiqatlar, dissertasiyalar daha geniş ictaimaiyyət arasında yayıla bilər”.
Prezident İlham Əliyevin fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.
Dəyişiklərə əsasən fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişib.
Buna qədər fəlsəfə doktoru imtahanları ixtisas fənni, xarici dil və Azərbaycan dilindən olub. Dəyişikliyə əsasən, artıq xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) fənnindən imtahanı dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar verəcək. Yəni qeyd olunan xarici dillərdə dissertasiyanı yazanlar xarici dil imtahanı verməyəcək.
Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında elmi ad və dərəcələrlə bağlı ölkə başçısının etdiyi dəyişikliklərin zərurətdən yaranan bir hal olduğunu vurğulayıb:
“Diqqətçəkən bir neçə dəyişiklik var: hazırda mövcud qaydalara görə verilən dissertasiyalar iki dildə-Azərbaycan və rus dilində verilə bilərdi. Mövcud dəyişiklik nəticəsində ingilis dili də bu siyahıya əlavə olundu. Xüsusilə Azərbaycanda ikili diplom proqramı ingilis dilində təhsil alan və ya bakalavr, magistr təhsilini xaricdə alıb, dissertasiyasını Azərbaycanda müdafiə etmək istəyənlər üçün əhəmiyyətli hesab olunur. İngilis dilində yazılan elmi tədqiqatlar dissertasiyası, daha geniş ictimaiyyət arasında yayıla bilər və ölkə elminin inkişafında qatqısı olar. Düzdür, dissertasiya müdafiələrində müdafiə şurası üzvlərinin dil bacarıqları da zəruridir. Son illərdə xarici dilin doktoranturada qəbul üçün yüksək səviyyədə təsis olunması, yeni gənc alimlərin əksəriyyətinin bu dilləri bilməsi, bu dil qabilliyətlərinin olması müsbət bir faktordur”.
Ekspert professor adı almaqla bağlı tələblərə də diqqət çəkib:
“Elmmetrik bazalarda əksini tapan statistikaların professor adı almaq üçün istifadə olunması mütərəqqi bir addım sayılır. Eyni zamanda, bu nəşr fəaliyyətinin beynəlxalq istinad bazalarında əsasən iki istiqamət götürülür: “web of science”, “Scopus” və. Bu sahədə elmi nəşrləri olan şəxslərə ciddi ehtiyac var. Hazırda beynəlxalq elmi bazalara düşmək üçün müəyyən problemlər müşahidə olunur ki, son dəyişikliklər onları aradan qaldırmaq düzgün atılmış bir addımdır.
Çox nüfuzlu elmi nəşriyyatlarda nəşr olunmaq istəyən monaqrafiyalar üçün xüsusi şərtlər var. Yəni artıq bir professor olmaq üçün dünya səviyyəli bir nəşriyyat evindən tək müəllifli bir monoqrafiya çap olunmalıdır ki, bu da biraz çətin məsələ hesab olunur. Əgər bir alimimizin dil bacarığı çox yüksək bir səviyyədə deyilsə, redaktor və tərcüməçi xidmətlərindən isdifadə edə bilər. Bunlara dövlətin, universitetin elm fondunun dəstəyi ola bilər. Bu istiqamətdə müəyyən addımlarda atılır”.
“Hirş indeksi elm adamları üçün əsas gösdərici sayılır”.
“Əsas bazalarda və axtarış şəbəkələrində əsas göstərici olaraq hirş indeksi hesablanır. “Scopus” və “web of science”-da ictimai elmlər üzrə h-indeksi 5, dəqiq elmlər üzrə 10 olan şəxslər fəlsəfə doktoru və ya dosent olduqdan sonra, professor adı ala bilərlər. Yəni, 5 illik dosentlik stajı tamamlandıqdan sonra elmlər doktoru olmadan belə professor adını almaq üçün şans yaranır. Bu da gənc, beynəlxalq səviyyədə nəşrlərdə məqalə və istinadları olan alimlərin daha tez bir zamanda professor olmasına kömək edəcək”.
“Yaxın zamanlarda 30-35 yaşlarında professorlar görəcəyik”.
“Düşünürəm ki, bundan sonra gənclərimiz daha çox tədqiqatlar aparacaq. Nəşrlərin professor adı almaq üçün kömək olmağı gənclərdə xüsusi həvəs yaradacaq. Ümumi olaraq qeyd etdiyim kimi bu dəyişikliklər zəruri hesab olunur”.