“Keyfiyyətli elmi-tədqiqat və sitatların çoxluğunun ən vacib göstərcisi beynəlxalq əməkdaşlıqdır. Gürcüstan, Ukrayna, hətta Ermənistan kimi qonşu ölkələrin Avropa İttifaqı ilə sazişi mövcuddur var ki, bu çərçivədə Horizon layihələrində universitetlərin birbaşa maliyyələşməsi təmin edilir”.
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib.
Nazir müşaviri Azərbaycan universitetlərinin hazırkı reytinqlərdəki mövqeyindən söz açıb:
“Son günlər ölkəmizdəki universitetlərin dünya reytinqlərində yeri məsələsi çox müzakirə olunur. Əvvəlcə onu qeyd edim ki, son dövrlər vəziyyət yaxşıya doğru dəyişib. Keçən il ilk dəfə Bakı Dövlət Universiteti Times Higher Education dünya universitetləri reytinqində yer aldı və bu cari il də təkrarlandı. Bu il isə iki universitetimiz – BDU və UNEC dünya universitetləri reytinqində yer alıb. Həmçinin, QS Emerging Europe & Central Asia reytinqində 7 universitetimiz, Times Higher Education impact ranking 6 universitetimiz təmsil olunur”.
N.Məmmədli universitetlərimizdə bu istiqamətdə mövcud olan boşluqlara diqqət çəkib:
“Vəziyyət bundan yaxşı ola bilərdimi? Yəqin ki, ola bilərdi. Burda olmağımızın obyektiv səbəblərini diqqətdən qaçırmayaq:
1.Bütün reytinq şirkətlərində universitetlər tərəfindən elmi-metrik bazalarda indeksləşmiş nəşrlərin sayı və onlardan gətirilən sitatların sayı reytinqdəki yerə ciddi təsir edən amillərdəndir. Bizim elmi-metrik bazalarda (Web of Science, Scopus) institusional rprofillərin yaradılmasına ilk dəfə 2016-cı ildə Təhsil Nazirliyi ilə Clarivate arasında imzalanmış müqavilədən sonra başlanılıb. O vaxta qədər yazılan məqalələrin, tədqiqatların universitetlərimizə aidiyyatı qeydə alınmayıb. İstənilən bazaya çıxışı olan şəxs görə bilər ki, universitetlərin nəşrlərlə bağlı məlumatları yalnız 2015-ci ildən bəri mövcuddur. Times Higher Education universitetləri reytinqinə düşmək üçün isə son beş ildə ən azı 1000 məqalənin (ildə 150-dən az olmamaqla) olması zəruridir.
Qeyd edək ki, noyabrın 10-da 20 nömrəli məktəb-lisey kompleksində “AzEdu” təhsil portalının təşkilatçılığı ilə “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa keçirilib. Müzakirələrdə müxtəlif universitetləri təmsil edən beynəlxalq əlaqələr və elm-təhsil məsələləri üzrə prorektorlar, ali təhsil müəssisələrinin digər səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları, təhsil məsələləri üzrə tanınmış ekspert və media təmsilçiləri iştirak ediblər.