Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.
Ümumi təhsil müəssisələrindən: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksessuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal və s. qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunub.
Bəs bu qadağalar nə dərəcədə özünü doğruldacaq?
Mövzu ilə bağlı təhsil eksperti Nabatəli Qulamoğlu fikirlərini AzEdu.az-la bölüşüb.
"İlk olaraq qadağanın mexanizmi qurulmalıdır. Mexanizm qurulandan sonra qaydanı tətbiq etmək olar. Mexanizm olmadığına görə qadağa da işləməyəcək. Yeni qadağaların qanuna zidd olub-olmaması araşdırılmayıb. Öncə bu qanunlar araşdırılmalı və bilinməlidir ki, “Təhsil haqqında” qanuna ziddir, ya yox. Qadağalar hər zaman olub, sayı-hesabı belə bilinmir. Amma onların heç birinin əhəmiyyəti yoxdur. Əvvəlcə qadağanın mexanizmi qurulmalıdır. Mexanizm qurulandan sonra həmin qaydanı tətbiq etmək lazımdır. Mexanizm olmadığına görə qadağa da işləməyəcək".
Bu qadağalar mənasız, sadəcə olaraq vaxt itkisidir. Elm və Təhsil Nazirliyinin işləyirmiş kimi, görüntü yaratmaq üçün edilib.
Bu qadağalar, son zamanlar məktəblərdə baş verən mənfi halların qarşısını almayacaq. Məktəblilərin davranış qaydaları onsuz da var, sadəcə, onlara əməl olunması kifayətdir.
Məktəblərdə ilk növbədə rəhbərliyin və müəllimlərin davranış qaydalarına diqqət göstərmək lazımdır. Onlar düzəlsə, hər şey düzələr. Qaydaları birinci özləri pozur, şagirdlər də onlara baxıb təkrarlayırlar.
Bu məsələlərlə bağlı böyük təhsil islahatları aparılmalıdır. Bu islahatlar olmasa görülən tədbirlərin heç birinin faydası olmayacaq. Min belə qadağalar tətbiq etmək olar, hətta bu qadağalardan daha sərtini, amma bu qadağalar işləməyəcək, çünki mexanizm yoxdur" - deyə ekspert bildirib.