Şəhid müəllim Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayıb.
2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə sector müdiri Mədəd Zeynalov Şəhid Elvin İmaməliyev ilə bağlı xatirələrini AzEdu.az-la bölüşüb:
"Onunla direktorların işəqəbulu üzrə müsabiqədə, daha sonra müsahibə mərhələsində bir iştirak etmişik. Bir ildən çox direktor kimi fəaliyyət göstərdi. 2020 ci il sentyabrın əvvəli isə könüllü şəkildə cəbhəyə üz tutdu. Həmçinin o, YAP Ağstafa rayon gənclər təşkilatının sədri idi. Pandemiya dövründə ictimai işlərlə məşğul olan çox istedadlı müəllim idi. Həqiqi mənadə çox yaxşı vətəndaş idi
Təyyar və Tunar adlı iki azyaşlı övladı var. Böyük övladı oktyabrın 1-dən atasının direktor işlədiyi 1 saylı tam orta məktəbdə məktəbə hazırlıq qrupunda dərslərə başlayacaq. Digər övladı isə hazırda bağçaya gedir".
Deyirdi ki, "mən müharibəyə getməliyəm..."
"Məktəb direktoru olmasına baxmayaraq, könüllü şəkildə Vətəni müdafiəyə getməsi əslində hər şeyi ifadə edir. Elvin ilk dəfə könüllü şəkildə döyüşlərə yollanmaq istəyəndə, avtobusda yer olmadığı üçün gedə bilmədi. Fikrindən dönmədi. Elə deyirdi ki, mən müharibəyə getməliyəm. Növbəti dəfə Vətən Müharibəsində iştirak etmək ona qismət oldu.
Bildiyiniz kimi, müharibə dövründə cəbhəylə əlaqə saxlamaq çox çətin məsələ idi. Ona görə də biz Elvin müəllimlə əlaqə saxlaya bilmədik".
Müharibə bitdikdən sonra biz düşünürdük ki, Elvin müəllim gələr və öz fəaliyyətinə başlayar, amma...
"Cənab prezident gecə qələbə xəbərini xalqa çatdırdı. Səhər artıq ölkə ərazisində Vətən müharibəsindəki tarixi zəfərimizi qeyd edirdi.
8 Noyabr-Zəfər Günü müəllim yoldaşları, ailəsi- hər kəs düşünürdü ki, bir-iki günə Elvin müəllim geri qayıdıb, öz fəaliyyətinə başlayar. Amma təəssüf ki, 11 noyabr səhər saatlarında Elvin müəllimin şəhid olma xəbəri gəldi. Biz onu heç vaxt unutmayacayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Qeyd edək ki, şəhid Elvin İmaməliyev qələbəmizə 1 gün qalmış noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub. Ağstafa rayonu Qırılı kənd qəbirisanlığında dəfn edilib.
Prezidentin sərəncamına əsasən, İmaməliyev Elvin Elsevər oğlu ölümündən sonra "Vətən Uğrunda" və "Şuşanın işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah Şəhidlərimizə rəhmət eləsin