Hazırda əsas qaranlıq qalan məsələlərdən biri də bağçalara uşaqların qeydiyyatı və tərbiyəçilərin işə qəbulu ilə bağlıdır.
Mövzu ilə bağlı təhsil eksperti Nabatəli Qulamoğlu fikirlərini AzEdu.az-la bölüşüb.
"Bildiyiniz kimi, bağçalar uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olub. Bu ərəfədə kifayət qədər sui-istifadəyə yol verilib. İndi baş verən bütün "əyriliklər", əvvəlki sui-istifadələrin nəticəsidir".
Ekspert bağçalarda əvvəllər yaranan mənfi halların, hazırda da özünü büruzə verdiyini bildirdi:
"Bakı Şəhər İcra Hakimiyyəti bağçanı həm ərzaqla təmin edir, həm də pedaqoji fəaliyyətə nəzarət edirdi; nəcə deyərlər "öz əli, öz başı". O zaman bağçalarda həddindən artıq yeyinti halları olurdu. Bu mənfi hal isə öz nəticəsini hazırda göstərir. Ola bilməz ki, o ənənənin mənfi təsirləri tam şəkildə ötüşsün".
"Ən başlıca problem bağçaların sayının azlığıdır. Bağçalar uşaq sayına qətiyyən uyğun deyil. Bağçaların sayı artırılsa belə yenə tələbat ödənməyəcək. Paytaxtda yaşayan azyaşlı kontingentin yalnız 34 faizinin bağça ilə təmin olunma şansı var. Regionlarda isə bu göstərici 17 faizdir".
"Təsəvvür edək ki, bir ərazidən 50 uşaq bağçaya gedir, amma orada yerləşən məktəbəqədər müəssisəsinin tutumu 25 nəfərdir. Belə olduqda isə, təbii ki, orada sui-istifadə halları yaşanacaq: bağça rəhbəri bu zaman istədiyi uşağı götürəcək. Yəni, korrupsiyanı mühitin özü yaradır. Şikayətlər də bununla bağlıdır. Problemin yeganə çıxış yolu odur ki, baxçaların sayı artırılsın. Qəbul prosesi elə tənzimlənməlidir ki, bütün azyaşlı kontingent bağça ilə təmin oluna bilsin. Bir uşağın bağçaya gedib, digərinin getməməsi ədalətsizlikdir. Bu, birbaşa konstitutsiyaya ziddir".
Ekspert məktəbəqədər təhsil müəssisələrinə işə qəbul prosesindən də danışıb. Onun sözlərinə görə məktəbəqədər təhsil müəssisələrinə qəbul, digər işə qəbul prosesindən fərqlənməlidir:
“Bağçalara işə qəbul prosesi digərlərindən fəqlənməlidir. Çünki, məktəbəqədər təhsil müəssisələrinə işə qəbul imtahan şifahi suallardan təşkil olunub. Bu sualları cavablandırmaq və qiymətləndirmək o qədər də çətin deyil. Açığı Elm və Təhsil Nazirliyinin bu işdən tamah güdməsinə inanmıram. Ola bilər ki, bu texniki problemdir"-, deyə ekspert bildirib.