"Siniflərdə şagird sıxlığı ilə biz uzun illərdir qarşılaşırıq. Sadəcə, olaraq son üç-dörd ildir ki, bu problem özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bəzi siniflərdə şagird sayı nəinki 30, hətta 40 nəfərdən ibarət olur".
Bu sözləri tarixçi müəllim, Arif Gürşadoğlu AzEdu.az-a açıqlamasında deyib.
"Siniflərdə şagird sıxlığı ilə biz uzun illərdir qarşılaşırıq. Sadəcə olaraq son üç-dörd ildir ki, bu problem özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bəzi siniflərdə şagird sayı nəinki 30, hətta 40 nəfərdən ibarət olur. Mənim övladımın təhsil aldığı sinifdə, 36 şagird var. Müəllim nə qədər güclü olsa belə, şagird sayı çox olan sinifdə keyfiyyətli təhsildən söhbət gedə bilməz. Bu sayla ilin sonuna qədər keyfiyyətli dərs keçmək mümkün deyil".
A.Gürşadoğlu şagird sıxlığının bütün ölkə ərəzisi üçün çox böyük problem olduğunu qeyd edir:
“Təəssüf ki, valideynlər 20 nəfərlik sinifdə belə, övladını ilk sırada əyləşdirmək üçün mübarizəyə aparırlar. Təsəvvür edin ki, 38 şagirddən ibarət siniflərdə də bu problem yaşanır. Bu qədər şagirddən neçəsi ön sıralarda otura bilər ki?! Bu da öz növbəsində əlavə problemlər yaradır. Şagird şıxlığı tək paytaxt və ətrafı üçün deyil, ümumi Azərbaycan məktəbləri üçün çox böyük problemdir. Yaxın müddət ərzində təəssüf ki, bunun həlli yolları görünmür".
Müəllim problemin həlli yollarından da danışıb:
"Sıxlıq olan otaqlarda şagirdlər əlavə siniflərə bölünsə, başqa müəllimlərə də ehtiyac yaranacaq. Yalnız bu halda problem aradan qaldırıla bilər. Elm və Təhsil Nazirliyi istənilən addım atsa belə, ya müəllim çatışmazlığı ilə üzləşəcək, ya da bu hal müəllimlərin işə qəbul prosesinə təsir edəcək. Düşünürəm ki, müəllim çatışmazlığından dolayı bu addıma gedilmir.
“Problemlərdən biri də, budur: məktəblərdə yeni siniflərin açılması üçün kifayət qədər otaq varmı? Şagird sıxlığını aradan qaldırmağın yeganə yolu məktəblərin növbəli şəkildə olması və müəllim sayının artırılmasıdır" - deyə sonda tarixçi qeyd edib.