Hazırda təhsil sahəsində əsas problemlərdən biri də siniflərdə yaşanan şagird sıxlığıdır. Şagird sıxlığı isə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.
Mövzu ilə bağlı məktəb direktoru Nemət Rüstəmli fikirlərini AzEdu.az-la bölüşüb.
Direktorun fikrincə 15 nəfərdən çox şagirdlə pedoqoji fealiyyətlə məşğul olmaq absurddur.
"Elm və təhsil naziri qeyd etdiyinə görə, ölkədə sadəcə 1 faiz məktəbdə 30 üzəri şagird var. Tədris prosesində olan biri kimi deyim ki, 15 nəfərdən çox şagirdlə pedoqoji fəaliyyətlə məşğul olmaq və bütün şagirdlərə vaxt çatdırmaq absurd fikirdir. Şagird sıxlığı olan siniflərdə hərkəsin dərsdə fəal iştirak etməsi qeyri-mümkündür. Fikrimcə siniflər maksimum 20 şagirddən ibarət olmalıdır. Qaldı ki, 30-40 şagirddən təşkil olunan siniflərdə təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. O sinifdə sadəcə olaraq proqram yerinə yetirilir.
Sıxlığın azaldılması müəllimlərin dərs saatının artması ilə nəticələnəcək.
"Sıxlığın azaldılması əslində müəllimlərə xeyrinə yəni, dərs saatların artması ilə nəticələnə bilər. Məsələn: 30-40 şagirdidən ibarət olan sinifin iki hissəyə bölünməsi yeni dərs saatlarının yaranmasıdır. Bu isə həm müəllim heyətinə, həm də şagirdlərin pedoqoji nəticələrinin yüksəlməsinə səbəb ola bilər".
Direktor şagird sayının çox olduğu siniflərdə otaqların ölçülərindən danışıb. O bildirib ki, qaydaya əsasən hazırda şagirdlərin hüququ pozulur.
"Nazirlik tərəfindən qəbul olunmuş qaydaya əsasən, sinifdə hər şagirdə düşən məsafə vardır . Məsələn, əgər sinif ölçüsü 24 kvadrat-metrdirsə, orada 12 nəfərdən artıq şagird təhsil ala bilməz. Amma, təəssüflər olsun ki, bu gün mənim də, direktor olduğum məktəbdə əksər siniflərdə 24 kvadratmetrə 16 şagird yerləşdirilib. Hətta elə otaqlar var ki, ora 22 şagird yerləşdirmişik. Bu isə şagirdlərin hüququnun pozulması deməkdir. -deyə direktor qeyd edib.