Son illər müşahidə edilən statistikaya əsasən, özəl universitetlərə marağın azaldığı müşahidə edilir.
Bəs bu marağın azalmasının əsas səbəbləri nələrdən ibarətdir?
Mövzu ilə bağlı AzEdu.az-a danışan “Azərbaycan Universitetləri“ platformasının rəhbəri Zöhrab Süleymanov qeyd edir ki, özəl ali təhsil müəssisələrinin inkişaf perspektivləri olduqca aşağı səviyyədədir":
"Özəl universitetlərdən imtina edilməsinin əsas səbəbləri onların dayanıqlılığının təmin edilməməsi, iş perspektivinin yox dərəcəsində olması, təhsil haqqlarının yüksəkliyi, tələbələrin heç bir imtiyazlara yiyələnə bilməməsidir.
Bu təhsil müəssisələrinin qarşılarına qoyduqları əsas plan 150 balla plan doldurmaqdır. Halbuki dünyanın ən yaxşı təhsil müəssisələri məhz özəl universitetləridir”.
Zöhrab Süleymanov özəl universitetlərə inamın aşağı olmasının səbəblərindən danışıb: "Bizdə özəl ali təhsil müəssisələrinə inam çox aşağıdır. Hətta iş o yerə çatıb ki, regionda olan dövlət universitetlərinə inam əvvəlki illərə baxanda daha yüksəkdir.
Bir neçə il öncə özəl universitetlərimizdən biri cəmi 68 nəfər tələbə qəbulunu həyata keçirtmişdi. Bu da 11% qəbul planı deməkdir. İndi isə bu təhsil müəssisələrinin əksəriyyəti qəbul planını 100% yerinə yetirir, ancaq bu həmin universitetlərin səviyyəsinin yüksək olması anlamına gəlmir.
Onların dayanıqlı olmaması ən böyük problemlərdən biridir. Hər il bir neçə universitetin bağlanacağı gündəmə gəlir. Bu da dayanıqlığı minimuma endirir.
Daha sonra, "nə olursa olsun, təki övladım tələbə adını qazansın, çöldə qalmasın, biabırçılıq olar" deyimi ilə övladlarının təhsil həyatlarını şübhə altına atan ailələr şükürlər olsun ki, ildən ilə azalır. Bu, da özəl universitetlərə olan inamı azaldır”.
Z. Süleymanov qeyd edib ki, son zamanlar peşə təhsilinə maraq kifayət qədər çoxalıb:
”Cəmiyyət son illərdə hər hansı peşəyə yiyələnməyi, peşə məktəbində oxumağı daha üstün sayır, nəinki, özəl universitetlərdə təhsil almağı.
Bütün bunlardan qaynaqlanan problemlərdən biri də kadr çatışmazlığıdır. Özəl universitetlərin pedaqoji heyəti bir qayda olaraq ya 2-ci iş olaraq orada çalışmağı seçir, ya da sırf staj xətrinə özəl universitetdə müəllim olaraq fəaliyyət göstərir. Bu kimi problemlər nə yazıq ki, qalmaqdadır".
O, özəl universitetlərin bugünki vəziyyətini haqqında danışıb:
"Dünya reytinqinə düşən Xəzər Universiteti digərlərindən tədris proqramlarına görə nisbətən seçilir. Ancaq təhsil haqqı burada da yüksək olaraq qalır.
Bakı Avrasiya Universitetinin yenicə istifadəyə verilmiş yataqxanası universitet adına uğurdur. Ancaq bu, çox gec baş verib.
Azərbaycan Universiteti son illər yeni tədris metodu və binası ilə inkişafa doğru meyil edə bilib.
Ali təhsil sistemində özəl universitetlər 30 ildir, fəaliyyət göstərir. Bu illər ərzində onların zəif inkişaf etməsi və ya etməməsi məyusedicidir”.