Uşaqların bağçaya qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir. Valideynlərin əksəriyyəti elektron qəbul zamanı yaranan texniki problemlərdən şikayətlənirlər.
Mövzu ilə bağlı ADPU-nın Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, fəlsəfə doktoru Xalidə Həmidova fikirlərini AzEdu.az-la bölüşüb.
"Bağçalara elektron qeydiyyat zamanı yaranan problemlər Elm və təhsil nazirliyinin öhdəsinə düşür. Hansı ki, nazirlik bu problemin həlli yollarını daha yaxşı bilir. Bu gün kütləvi şəkildə valideynlər qeydiyyatdan keçə bilmədikləri üçün şikayətlənir. Portalda, yükləmələr nəticəsində müəyyən problemlər yaranır".
Baş müəllim ölkədə bağçaların uşaqların sadəcə 16 faizi əhatə etdiyini bildirib:
"Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələri(bağçalar) çox azlıq təşkil edir. Ölkədə bağçalar uşaqların sadəcə 16 faizi əhatə edə bilir. Elektron qeydiyyatın yaradılması isə bu problemi daha qabartdı. Hazırda kütləvi şəkildə qeydiyyatın olması, yükləmələri əmələ getirir.
Məsələn, valideyn bağçaya qeydiyyata düşmək istəyir, amma həmin bağçada yer artıq dolmuş olur. Bu zaman valideyn uzunmüddətli gözləməyə düşür. Çünki, hər bir məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın bağçanı minimum bitirmə müddəti var".
“Bağçaya qəbul sıralama ilə həyata keçirilir. İlk olaraq şəhid və qazi övladları qeydiyyatdan keçirilir. Sonra isə digər vətandaşlara sıra çatır. Elektron portalda seçim etmək, arayışlara baxmaq, uzunmüddətli bir proses olduğu üçün yeni problemlər yaradır.
"Portalda bağçalardakı yerlərin sayının açıq şəkildə göstərilməsi yaranan problemlərə müəyyən qədər kömək ola bilər".
"Portalda bağçalardakı yerlərin sayının açıq şəkildə göstərilməsi yaranan problemlərə müəyyən qədər kömək ola bilər. Məsələn, hər hansısa bir bağçada artıq yer yoxdursa, bu məlumat portalda qeyd olunmalıdır. Bu halda valideyn ya o bağçanı seçməz, ya da gözləmədə qalar. İstənilən halda isə elektron qeydiyyat çətin prosesdir”.