Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu ərəfədə paytaxt universitetlərində təhsil alan regionlardan olan tələbələri maraqlandıran əsas məsələ yaşayış yeridir.
Bəzi universitetlərin yataqxanaları tələbənin ehtiyacı olan hər bir şəraitlə təmin edilsə də, bəzilərində bu mövzuda problemlər var. Həmçinin qiymətlər və yataqxananın tutumu da əsas diqqət edilən məqamlardandır.
Bəs Azərbaycan universitetləri və onların yataqxanaları yeni tədris ilində tələbələri qarşılamağa nə dərəcədə hazırdır?
AzEdu.az mövzu ilə bağlı yerli ali təhsil müəssisələri arasında sorğu keçirərək son vəziyyəti öyrənib:
Azərbaycan Texniki Universitetin mətbuat katibi Sevinc İsgəndərova universitetin yataqxanasının hazırda tələbələrin istifadəsinə yararlı olmadığını bildirib:
“AzTU tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb.
Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva hazırda fəaliyyət göstərən “Tələbə evi” ilə yanaşı, yeni yataqxanaların tikilməsinin da planlaşdırıldığını bildirib:
“Həm universitetimiz, həm də yataqxana yeni dərs ilində tələbələri qarşılamağa tam şəkildə hazırdır. Universitetin yataqxanasında (Tələbə evi) sadəcə BDU tələbələri qala bilər. “Tələbə evi” 220 nəfərlikdir. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi və s. hər bir şəraiti var. Yataqxana 24 saat təhlükəsizlik kameraları ilə müşahidə edilir və universitetin tam yanında yerləşir. 1 nəfər üçün məbləğ 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir”.
Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri Şəfayət Avılbəyli yeni yataqxananın istifadəyə veriləcəyini söyləyib:
“Bu il Bakı Avrasiya Universiteti müasir standartlara cavab verən 5 mərtəbəli qızlar yataqxanasını tələbələrin ixtiyarına verəcək. Hazırda son tamamlama işləri gedir. "Tələbə dünyası" adlı yataqxanada 2, 4 və 6 nəfərlik otaqlar tələbə qızların xidmətinə veriləcək. Burada tələbələrin rahatlıqları, hər bir şəraitlə təminatı üçün bütün detallar nəzərdə tutulub.Həmçinin yataqxanada oxu zalları, yeməkxana, 24/7 təhlükəsizlik xidməti,mərkəzləşmiş istilik sistemi, kondisoner, TV və yüksək sürətli internet, tələbə yeməkxanası, otaqlarda hamam və sanitar qovşağı,çamaşırxana xidmətləri fəaliyyət göstərəcək.
Bütün bunlar təbii ki,təbələrin sosial şəraitlərinin yaxşılaşdırılması, onların keyfiyyətli təhsil almalarına dəstək baxımından uğurlu addımlardır”.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı universitetin yeni tədris ilinə tam hazır olduğunu bildirib:
“İlk olaraq Azərbaycan Dillər Universitetinə yeni qəbul olan gənclərimizi təbrik edirik. Onlara uğurlar arzu edir və inanırıq ki, tələbəlik illəri onlar üçün yaddaqalan olacaq. Universitetin tədris imkanları, müəllim kontingentinin məlumatlarından yararlanaraq gələcəkləri üçün təhsillərini təkmilləşdirmələrini arzu edirik. ADU yataqxanası, zəngin kitabxanası, universitet daxili tələbə klubları və s. bütün resurları ilə tələbələri qarşılamağa tam hazırdır. Yataqxanamız əlverişli şəraiti ilə təhsilalanlarımızın ixtiyarında olacaq. Universitetdə 20-dən artıq dil və mədəniyyət mərkəzləri var. Həmçinin təhsillərini dünya universitetlərində davam etdirmələri üçün müxtəlif proqramlar mövcuddur. Tələbələrimiz qeyd etdiyim bütün bu imkanlardan rahatlıqla yararlana biləcəklər”.
Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova yeni tədris ili üçün görülən hazırlıq işlərindən danışıb:
“Universitetimiz yeni tədris ilinə hazırlıq prosesini tammailə yekunlaşdırmaq üzrədir. Bu il hər növbədə 1200-ə yaxın tələbəni qəbul edə biləcək yeni tədris binasını istifadəyə verəcəyik. Həmçinin digər korpuslarımızda da əsaslı təmir işləri demək olar ki, yekunlaşıb. Komunnal xidmətlər nəzərdən keçirilib, yaşıllaşdırma işləri davam etdirilir. 2019-cu ildə qızlar üçün 153 nəfərlik yeni yataqxanamız istifadəyə verilmişdi, indi də tələbə qızları qəbul etməyə hazırdır. Gələcəkdə oğlanlar üçün də yeni yataqxananın istifadəyə verilməsi düşünülür”.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova universitetdə 4 yataqxananın fəaliyyət göstərdiyini söyləyib:
“3 saylı yataqxanamız təmir işlərinin aparılması səbəbilə fəaliyyətini müvəqqəti dayandırıb. 1 və 2 saylı yataqxanalarımızda qızlar, 6 saylı yataqxanamızda oğlanlar, 5 saylıda isə əcnəbi tələbələr yaşayırlar. Yataqxanalarımızın ümumi olaraq 968 nəfərlikdir. Hər il olduğu kimi bu il də tələbələrimizi yataqxana ilə təmin etməyə çalışacağıq. Rektorun göstərişinə uyğun olaraq ilk növbədə şəhid və qazilərimizin ailələrindən olan tələbələrin yerləşdirilməsinə öncəlik veriləcək. Daha sonra isə digər tələbələrin qeydiyyata alınacaq”.
O, yataqxana qiymətlərinin əvvəlki illərlə eyni məbləğdə saxlanıldığını bildirib:
“Düşünürük ki, ölkəmizin vətəndaşı olan bütün tələbələrimizi yataqxana ilə təmin edək. Baxmayaraq ki, bu il boş yerlərin sayı kifayət qədər deyil, ancaq qeyd etdiyim kateqoriyadan olan tələbələrimiz üçün əlimizdən gələni edəcəyik. Yataqxanalarımızda lazımı işlər görülüb, mövcud olan problemlər həll edilib. Məlum olduğu kimi ölkəmizdə kommunal xidmətlərin qiyməti artırılıb. Buna baxmayaraq ölkəmizin vətəndaşı olan tələbələrimiz üçün qiymət artımı nəzərdə tutulmayıb. Əvvəlki illərdə olduğu kimi bir tələbə üçün aylıq məbləğ 50-80 manat civarında dəyişir. Bu qiymətlər yataqxanamızda otaq tutumuna uyğun olaraq tənzimlənir”.
Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə yeni kampusda tələbələr üçün yataqxananın nəzərdə tutulduğunu bildirib:
"Hazırda Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıq məqsədilə auditoriyalar səliqəyə salınır, təmizlənir və ən əsası dezinfeksiya edilir. Həmçinin, fakültələr üzrə dərs cədvəlləri hazırlanır. MDU-nun yataqxanası mövcud deyil. Amma, yeni kampusun tərkibində həm oğlan, həm də qız tələbələr üçüb yataqxana nəzərdə tutulub".