Yeni dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Təkcə, ümumi orta məktəblərində deyil, elə məktəbəqədər təhsil müəssisələrində də dərslər sentyabrın 15-də başlayır. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Lakin 1-3 yaş arası uşaqların valideynləri onların təhsilinə görə daha çox narahat olur və uşaqların yükləndiyini qeyd edirlər.
AzEdu.az 1-3 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrindəki təhsilinə dair müəyyən olunan qaydaları təqdim edir:
Ümumiyyətlə, deyək ki…
Məktəbəqədər təhsilin dövlət standartı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun hazırlanıb və tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrinə şamil olunur.
Bu müəssisələr ilboyu fəaliyyət göstərir, lakin yay aylarında məşğələlərin sayı azalır. İldə iki dəfə - yanvar ayının əvvəlində və mart ayının axırında 1 həftəlik tətil olur. Bu dövrdə məşğələlər keçirilmir, əsasən əyləncəli tədbirlər, ekskursiyalar təşkil edilir.
Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili – Azərbaycan dilidir. Valideynlərin arzusu və istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartı əsasında digər dillərdə də aparıla bilər.
Məktəbəqədər təhsil müəssisəsində 1-3 yaşlı uşaqlar üçün qruplarda uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
- 1 yaşdan 2 yaşadək - 15 uşaq
- 2 yaşdan 3 yaşadək - 15 uşaq
Müxtəlif yaşlı uşaqlar üçün qruplarda:
- 1-3 yaşlı - 10 uşaq
Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Burada keçirilən məşğələlərin həftəlik sayı və müddəti aşağıdakı kimi müəyyənləşdirilir:
Körpələr qrupu (1-2 yaş) üzrə həftəlik məşğələ sayları
Ətraf aləmə bələdləşmənin genişləndirilməsi və nitq inkişafı – 1məşğələ
Bədii ədəbiyyatla tanışlıq və nitq inkişafı - 1 məşğələ
Sensor tərbiyə (didaktik materiallarla, oyuncaqlarla, tikinti materialları ilə hərəkət) – 2 məşğələ
Hərəkətlərin inkişafı – 2 məşğələ
Musiqi – 2 məşğələ
Cəmi - 8 məşğələ
Qeyd edək ki, 1 yaşdan 1 yaş 6 aya qədər uşaqlarla məşğələ ikinci oyaqlıq dövründə keçirilir. Məşğələnin müddəti 8-10 dəqiqə olur. Məşğələ yarımqruplarla (5-6 uşaqla) təşkil olunur.
1 yaş 6 aydan 2 yaşadək uşaqlarla yarımqruplarda keçirilən məşğələnin müddəti isə 10-12 dəqiqə olur. Məşğələlər səhər və axşam oyaqlıq dövründə keçirilir.
Körpələr qrupu (2-3 yaş) üzrə həftəlik məşğələ sayları
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə maraq tərbiyəsi) – 1 məşğələ
Bədii ədəbiyyatla tanışlıq və nitq inkişafı - 1 məşğələ
Sensor tərbiyə (didaktik materiallarla, tikinti materialları ilə iş, rəngə, formaya, ölçüyə, məkana bələdləşməyə aid didaktik oyunlar) – 2 məşğələ
Rəsm, gil işi (həftəaşırı) - 1 məşğələ
Fiziki mədəniyyət – 2 məşğələ
Musiqi – 2 məşğələ
Cəmi – 9 məşğələ
Qeyd edək ki, məşğələlər günün birinci yarısında keçirilir. Müddəti isə 10-15 dəqiqə olur.