Azərbaycan Respublikası Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
AzEDU.az Azərtac-a istinadən xəbər verir ki, qərara əsasən, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət məktəbəqədər təhsil müəssisələrinin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir.
Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası”na və “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Qərara görə, məktəbəqədər təhsil müəssisəsində müalicə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan uşaqlara təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə göstərilir. Uşağa göstərilən əlavə müalicə-bərpa xidmətinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda, bu tədbirlər davam etdirilir. Aparılan əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar “Uşağın Dispanser Müşahidə Kartı”nda (AZS 030/u) qeyd edilir və Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir.
Qərarda həmçinin məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətlərinin ödənişsiz göstərilməsi də qeyd olunub.