AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Yola saldığımız həftədə 13-19 iyun tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Lisey və gimnaziyalara imtahanlar başlayıb
İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
İmtahanlar 18, 19 və 20 iyun tarixlərində davam edəcək.
Qəbul imtahanlarında 20 minə yaxın şagirdin iştirakı gözlənilir.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb
2021-2022-ci tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Tələbələr əsasən, Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edib.
İşə qəbul olan direktorların sayı açıqlanıb
2021-ci ildən 2022-ci ilin birinci yarısınadək işə qəbul olan direktorların sayı açıqlanıb.
Təhsil Nazirliyindən bildirilib ki, 2021-ci ildən 2022-ci ilin birinci yarısınadək 232 nəfər dövlət ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə təyin olunub.
Ötən tədris ilində işə qəbul olan müəllimlərin sayı açıqlanıb
Ötən tədris ilində işə qəbul olan müəllimlərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 10 400-dən artıq namizəd müddətli və müddətsiz müqavilə əsasında işə qəbul edilib. İşə qəbul edilənlərdən 3567 nəfəri ilk turda müddətsiz müqavilə əsasında işə qəbul edilib. Aprel ayı ərzində keçirilən daimiləşmə müsabiqəsində isə 1669 nəfər uğur qazanaraq müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib.
Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-dan 11-dək 2022-2023-cü tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirib.
Bu barədə DİM-dən məlumat verilib.
Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanın Əməkdar Jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”), filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova, filologiya elmləri namizədləri Natəvan Atamoğlanova və Sevinc Məmmədova (Bakı Dövlət Universiteti) imtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini və jurnalistika üzrə nəzəri və praktiki biliklərini qiymətləndiriblər.
Məleykə Abbaszadə narazı doktorantlarla görüşüb
Dövlət İmtahan Mərkəzində (DİM) dünən keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları ilə əlaqədar DİM-ə müraciət edən 23 şəxslə görüş keçirilib.
Görüşdə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və müvafiq departament rəhbərləri iştirak ediblər.
Müzakirələr əsasən, imtahanın mürəkkəblik dərəcəsi ətrafında olub. Namizədlər imtahanda onlara güzəşt edilməsi və keçid balının aşağı salınması xahişini ediblər.
Rəhbərlik tərəfindən bildirilib ki, bu imtahanda iştirakçılar Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə Ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə uyğun bilik və bacarıqlara malik olmalıdırlar. İmtahanın mürəkkəblik dərəcəsi də həmin səviyyəyə uyğun olmalıdır. İştirakçıların nəzərinə çatdırırıq ki, 12 iyunda keçirilən imtahanın sualları gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.