Son zamanlar təhsil ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biri də bağçalarla bağlıdır.
Həm uşaqların elektron qeydiyyatı, həm də işçi qəbulu mövzusunda çox sayda suallar ünvanlanır.
AzEdu.az son günlər bağçalara qəbul prosesi ilə əlaqəli olan yenilikləri təqdim edir:
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev yaxın günlərdə “Təhsil masası”verilişində məsələ ilə bağlı bəzi nüansları diqqətə çatdırıb.
Bağçalara elektron qəbulun vaxtı açıqlanıb
Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır.
Proses mərhələli şəkildə bölgələr üzrə aparılacaq
İlk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncə üzrə qəbula start veriləcək. Sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə tamamlanması təmin ediləcək.
Qeydiyyatda olan uşaqların yenidən qeydiyyatına ehtiyac yoxdur
Hazırda bağçalarda qeydiyyatda olan uşaqların yeni yaradılan elektron sistemdən keçməsinə ehtiyac yoxdur. Yeni yaradılacaq sistemdə qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunduğundan məsləhət görülür ki, doğum şəhadətnaməsi ilə qeydiyyatda olan uşaqlara yeni şəxsiyyət vəsiqəsi alınsın.
Hansı ərazilərdə bağça inşasına ehtiyac olarsa, təklif verilə bilər
Azərbaycanda hər il yeni məktəb binasının tikintisi aparılır.
Sayı çox olan ərazilərdə yeni məktəblər tikilir və ya əlavə korpuslar inşa olunur. Hansı ərazilərdə yeni bağçaya ehtiyac olarsa, təkliflər əsasında məsələyə baxıla bilər.
Valideynləri narahat edən məsələlərdən biri də qeydiyyat zamanı bir neçə bağçanı seçib-seçməməsi ilə bağlıdır
Valideynlər məktəbəqədər təhsil müəssisələri üzrə elektron qeydiyyat zamanı bir neçə bağçanı seçə bilməzlər.
Onlar yaşadığı əraziyə yaxın bağçanı seçə bilərlər.
Lakin yaşadıqları ərazidə bağça yoxdursa, o zaman valideynin iş yerinə uyğun ərazi seçiləcək.