21 May 2022-ci il tarixində keçirilən III qrup üzrə qəbul imtahanının nəticələri açıqlanıb.
Nəticələrə əsasən, bu ixtisas qrupu üzrə ən yüksək bal 286 nömrəli tam orta məktəbin şagirdi Nəcməddin Orucova məxsusdur.
Belə ki, Nəcməddin buraxılış imtahanında 300 bal, blok imtahanında isə 387 bal toplayaraq ümumilikdə 687 balla III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent oldu.
Duyğularını AzEdu.az-la bölüşən Nəcməddin, imtahana hazırlıq müddəti və seçəcəyi ixtisasdan danışıb.
-İmtahana necə hazırlaşırdınız? Bu müddətdə ən sevdiyiniz və müəyyən qədər çətinlik çəkdiyiniz fənlər hansılar oldu?
-Buraxılış imtahanından sonra müəllimlər hazırlığı gücləndirdilər, daha çox üstümüzə düşür və öyrənməyimizə diqqət edirdilər. Növbəti imtahana əvvəlkindən daha ciddi hazırlaşmağa başladım. Bu müddətdə öyrənməyi ən sevdiyim fənn tarix idi. Amma ən çətinlik çəkdiyim fənlərdən biri isə ədəbiyyat idi.
-Ali təhsilinizi hansı universitet və ixtisas üzrə davam etdirməyi düşünürsünüz?
-Hansı universiteti seçəcəyimi hələ dəqiq bilmirəm, amma ali təhsilimi öz ölkəmizdə hüquqşünaslıq ixtisası üzrə davam etdirəcəyəm.
-Qəbul imtahanlarına hazırlaşan və uğurlu nəticə üçün çalışan digər abituriyentlərə nə kimi tövsiyələriniz var?
-İmtahana hazırlaşmağı sonraya saxlamasınlar. Əvvəldən ciddi oxusunlar, çalışsınlar ki, təkrarlayan zaman onlar üçün rahat olsun. Ən vacibi isə odur ki, həyəcanlanmasınlar. İmtahana həyatın özü kimi deyil, onun bir mərhələsi kimi baxmaq lazımdır.