“Yaxın zamanlar üçün Reyasət Heyəti tərəfindən AMEA prezidentinin seçilməsi ilə bağlı qərar qəbul edilməyib”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Belə ki, fevral ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyinat olmayıb.
İsa Həbibbəyli prezident seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib:
“Akademiyada prezident seçkilərinin keçirilməsini onun Ümumi yığıncağı müəyyən edir. Hələ ki, belə bir qərar verilməyib. Şübhəsiz ki, AMEA-nın rəhbəri seçilməlidir. Lakin yaxın zamanlar üçün Reyasət Heyəti tərəfindən belə bir qərar qəbul edilməyib. Amma dəqiq nə zaman prezidentin seçiləcəyini heç kimin proqnozlaşdırması mümkün deyil. Çünki bunun üçün akademiklərin ümumi rəyinin verilməsi lazımdır. Lakin mənim bu barədə proqnoz verməyim də düzgün olmazdı.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olacaq şəxs ümumi ölkə miqyasında əsl elm adamı kimi cəmiyyətin bütün şəxsləri tərəfindən qəbul edilməlidir. İkinci isə onun yüksək təşkilatçılıq qabiliyyəti olmalıdır, sonra isə dünya elminə çıxış yaratmalıdır ki, elmimiz tanınsın. Həmçinin, xarici ölkələrdə bizi təmsil etməlidir. Belə şəxslər ölkəmizdə kifayət qədərdir. Onların sayı bir yox, çoxlu miqdardadır. Bu şəxslər elmin müxtəlif sahələrində təmsil olunur.
Hər AMEA prezidentinin yaxşı və pis cəhətləri olub. Müxtəlif dövrlər üçün çətinliklər mövcud olub. Yeni gələn prezident də keçmişin dərslərindən nəticə çıxarıb ortaq mövqeyə gələrək yeni vaxtın reallıqları nəzərə almalı və buna uyğun hərəkət etməlidir”.