Son vaxtlar bir çox şəxslər tərəfindən direktorların məktəblərə təyinatı zamanı özbaşınalıqların yaşandığı iddia olunur.
AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov bu kimi halların baş verməsinin əsas səbəblərini diqqətə çatdırıb:
“Direktorların işə qəbulu ilə bağlı mərkəzləşdirilmiş imtahanların keçirilməsinə 2017-ci ildən başlanılıb.
Sonuncu keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin düzgün təşkil edilməməsi nəticəsində müəyyən narazılıqlar yarandı. Çünki həmin imtahanlar II Qarabağ savaşına təsadüf etdiyindən proses 2021-dək təxirə salındı, yenidən proses davam etməyə başladı. Həmin imtahan zamanı 1000 nəfərdən yuxarı şagirdi olan məktəblər üçün 36, 500 nəfərlik üçün 30, 100 nəfərə görə 26, 100-dən aşağı olan şəxslər üçün isə 24 bal təsdiq edildi. Bu, doğru deyil, çünki nazirliyin funksional işçiləri müsahibə mərhələsində iştirak edirlər. Lakin müsahibə mərhələsinin bir il davam etməsinə baxmayaraq, onun müddəti uzadıldı və nəticədə bir çox məktəblərə rəhbər hələ də təyin olunmayıb. Hazırda Təhsil Nazirliyində struktur dəyişikləri olub, Regional Təhsil idarələri yaradılıb. Bu səbəbdən, müsahibələrin də onlar tərəfindən həyata keçirilməsi gözlənilir.
Prosesi sürətləndirmək üçün şagird sayı 100 nəfərdən aşağı olan məktəblərin direktor əvəzçiləri müsahibəsiz şəkildə rəhbər kimi məktəblərə təsdiq oluna bilərlər”.
Təhsil eksperti məsələ ilə bağlı daha çox hansı şikayətlərin edildiyini vurğulayıb:
“Haqlı şikayətlər var. Bir çox hallarda müsabiqədə iştirak etməyən və ya müsahibə mərhələsinə qatılmayan şəxslər təyinat alaraq direktor kimi fəaliyyətlərinə başlayıblar. Amma bu, o demək deyil ki, həmin şəxslər tələblərə uyğun gəlmirlər.
Mövzu ilə bağlı bütövlükdə ciddi problemlər var. Təhsil Nazirliyinin funksional idarəetməsində işləyən şəxslər bu sahə ilə birbaşa bağlı deyillər. Onlar çox savadlı, çalışqan, lakin təhsillə dolayısı ilə əlaqəlidirlər. Ona görə də problemləri birbaşa görə bilmirlər. Bu da mənfi halların böyüyərək, müəyyən çətinliklər yaratması ilə nəticələnir.
Müsabiqə çevik şəkildə keçirilmir, illərlə uzanır. Neçə vaxtdır ki, əvəzçi müəllimlər direktor funksiyasını yerinə yetirirlər. Regional Təhsil idarələri təsdiq olunduqdan sonra müəyyən struktur dəyişikliyi və addımların atılması gözlənilir. Bütün bu problemlərin əsas səbəblərindən biri də budur ki, son 7-8 ildə Təhsil Nazirliyi bütün səlahiyyətləri mərkəzləşdirdi və nəticə etibarı ilə idarəetmədə çətinliklər yarandı. Buna görə də bir çox məsələlərin Regional Təhsil idarələrinə verilməsinin çox böyük əhəmiyyəti olacaqdır”.