“Bu il birinci sinifə qəbulda şagirdlərin sayını praqnozlaşdırmaq çətin olacaq”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Kamran Əsədov deyib.
Belə ki, birinci sinifə elektron qəbul 4 maydan başlanılıb. Bir çox şəxslər yerlərin tez zamanda dolduğunu iddia edir.
Kamran Əsədov məsələ ilə bağlı fikirlərini bildirib:
“Azərbaycanda orta ümumtəhsil məktəblərində birinci sinifə qəbul dünyada ən şəffaf həyata keçirilən proseslərdən biridir. Onun qeydiyyatının elektron qaydada tətbiq edilməsi əlçatanlığa xidmət edir. Lakin bu məsələnin tətbiqində problemlər mövcuddur. Hazırda 90 min uşaq məktəbəhazırlıq qruplarında təhsil alır. Onlar avtomatik olaraq birinci sinfə keçirlər. Lakin qeydiyyat üçün müraciətini praqnozlaşdırdığımız 165 min insan var. Aralarında elələri mövcuddur ki, məktəb və sinfini yenidən dəyişmək istəyir. İlkin qeydiyyat zamanı kifayət qədər insan müraciət edib, lakin onların istəklərinin nə dərəcədə doğru olub-olmadığını yoxlamaq lazımdır. Yalnız Bakının mərkəzindəki məktəblər deyil, eyni zamanda bölgələrdəki təhsil müəssisələrində də belə yerlər qalmayıb. Bu, problemdir, valideynlər həmin ərazidə qeydiyyatda deyillər və aidiyyatı təhsil qurumu prosesi proqnozlaşdıra bilmir ki, birinci sinifə nə qədər adam gələcək. Hazırda hansı sayda şagirdin gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Bir çox insanlar rayon qeydiyyatıdır və onlar Bakıda yaşadığı ərazidə rəsmi ünvanda deyillər”.
Ekspert məsələnin həlli istiqamətlərindən bəhs edib:
“Lakin insanların konsititusion təhsil almaq hüququ var və bu, təmin edilməlidir. Bunun üçün yeni sistem yaratmalıyıq. Məktəblərə əlavə müəllim qəbulu ilə proses tənzimlənə bilər. Çünki ibtidai sinif üzrə MİQ müsabiqəsində yüksək bal toplayaq işlə təmin olunmayan kifayət qədər müəllim var. Bizim əlimizdə bu baza mövcuddur. Hesab edirəm ki, mütləq şəkildə şagird sıxlığı olan ərazilərdə əlavə müəllim qəbulu həyata keçirməklə vakant hesab açılmalıdır. Bu yolla məktəblərdə rəqabət mühiti yaradılacaq. Direktorlar görəcək ki, şagirdlər onların təhsil müəssisələrini seçmir və digər yeri üstün tuturlar. Daha çox müraciət olan məktəblərə əlavə müəllim qəbulunu həyata keçirməklə həm insanların təhsilalma hüququ təmin ediləcək, həm də rəqabət mühiti formalaşdırılacaq”.