Son illər ucqar kənd məktəblərinin məzunları yüksək nəticələr göstərirlər. Belə abituriyentlərdən biri də Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin məzunu Zülfiyyə Həsənzadədir. O, məktəbin fəaliyyəti dövründə ən yüksək nəticə göstərən şagirddir. Zülfiyyə 685 balla Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.
Abituriyent AzeEdu.az-a verdiyi açıqlamasında bildirib ki, o Azərbaycan dilindən bir, fizikadan 2 səhv edib:
“İstədiyim fakültə Müalicə işi idi, ora da qəbul olundum. Universiteti bitirəndən sonra kəndə qayıtmayacam, irəli getmək üçün şəhər yaxşıdır. Yüksək bal toplamağımda, bu yerə gəlməyimdə əsas dəstəkçilərim valideynlərim olub. Bir il əvvəl bacım da universitetə qəbul olub. Ona baxıb, daha da həvəsləndim. Kənd məktəbi olsa da , təməl olmalıdır, təməl olmasa, hazırlığın da bir təsiri olmur”.
Məktəbin tədris işləri üzrə direktor müavini Niyaməddin Salahov da fikirlərini Azedu.az-la bölüşüb:
“Mən Zülfiyyənin bacısından da yüksək bal gözləyirdim, təəssüfki az oldu.Bu il də Zülfiyyədən 700 bal gözləyirdik. Amma qismət deyilmiş. Şagird nə qədər tərbiyəli, savadlı olsa, müəllim üçün bir o qədər sevincli hal olar. Çünki müəllimin çəkdiyi əziyyət, sonda şagirdin göstərdiyi nəticə ilə qiymətləndirilir”.
Qeyd edək ki, Zülfiyyənin nəticəsi məktəbin ən yüksək göstəricisidir.
ElşənRamizoğlu