Cəlilabad rayonunda təhsil müəssisəsində hündürlükdən yıxılaraq ağır xəsarətlər alan şagird müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
AzEdu.az xəbər verir ki, bu barədə report-un Muğan bürosuna Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Elnur Azadxanov məlumat verib.
Onun sözlərinə görə, hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması və sol ağciyərin kontuziyası diaqnozu ilə xəstəxanaya koma vəziyyətində daxil olan, həmçinin süni tənəffüs cihazına bağlanan 13 yaşlı Əli Qasımov artıq sağalıb və aprelin 4-də evə yola salınıb.
Ə.Qasımov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və kollektivinə təşəkkür edib.
"Əli artıq bizim komandamızın doğmasına çevrilib. Hamı onu çox sevdi. Əli də gedərkən söz verdi ki, Vətəninə, millətinə layiqli övlad olacaq" - direktor qeyd edib.
Qeyd edək ki, martın 10-da Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında 6-cı sinif şagirdi, 2009-cu il təvəllüdlü Qasımov Əli Təyyar oğlu hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şagird huşsuz vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.