Azərbaycan universitetlərinin son kurs tələbələri maraqlandıran əsas mövzulardan biri də təhsilin yekunu üçün buraxılış işi və dövlət attestasiya imtahanının keçirilməsidir.
Bu istiqamətdə müxtəlif universitetlərdən olan tələbələrdən çox sayda suallar ünvanlanır. Müxtəlif universitetlərin, yaxud eyni universitetdə fərqli fakultələrin buraxılış işinə düşən tələbələrinin bundan imtina şansının olduğu, tələbənin istəyərsə imtina edib, sonra diplom hazır olduqda götürə bildiyi tələbəyə deyilir. Ancaq bəzilərində isə tələbələr imtina şansının olmadığının deyildiyini, ilin sonunda başqa müəllimlərin bu şansın əslində olduğunu bildirdiklərini qeyd edirlər.
Bəs ümumilikdə bu proses necə tənzimlənir? Bu qarışıqlığa səbəb nələr ola bilər? Ümumiyyətlə tələbənin bitirmə işini seçmək şansı varmı?
Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov AzEdu.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Təhsil Nazirliyinin əsasnaməsinə görə son kurs tələbələrinin buraxılış işi və ya dövlət attestasiyası imtahanı seçməsi könüllüdür. Burada xüsusilə buraxılış işini o tələbələrin seçməsi müsbət olar ki, onlar təhsillərini magistratura səviyyəsi üzrə xaricdə davam etdirəcəklər. Bəzən xarici universitetlər qəbul edəcəkləri tələbənin buraxılış,bitirmə işi olmasını tələb edirlər. Ona görə universitetlərdə iki cür tətbiq var. Bəziləri akademik göstəriciləri 80-dən çox olanlara buraxılış işi verir, ancaq göstəriciləri daha az olanlar isə dövlət attestasiya imtahanına düşürdülər”.
Prorektor yaranan qarışıqlığın səbəblərindən danışarkən tələbəyə seçim hüququnun verilməli olduğunu bildirib:
“Amma bunu tamamilə tələbənin ixtiyarına buraxmaq lazımdır. Çünki bakalavriat təhsili haqqında Təhsil Nazirliyinin əsasnaməsində son kurs tələbələri buraxılış işi yaxud dövlət attestasiya imtahanı vermədə sərbəstdirlər. Hər bir buraxılış işinin rəhbərlik edən müəllim üçün müəyyən yük var. Sadəcə bəzi universitetlər də bu yükü tamamlamaq və s. kimi səbəblərlə müəyyən qədər tələbələrin bitirmə işini təhvil verməsini istəyirlər”.
Mütəxəssis hansı tələbələrin buraxılış işi seçməli olduğuna diqqət çəkərək öz tövsiyələrini verib:
“Qeyd etdiyim kimi bu seçimin tələbələr üçün könüllü olması daha yaxşı olar. Amma attestasiya imtahanı buraxılış işinə nisbətən bir az daha asan və az əziyyətlidir. Mən tələbələrə tövsiyə etmək istəyərdim ki, buraxılış işlərində keyfiyyətli tədqiqat aparmaq onların gələcək karyerası üçün faydalı ola bilər. Kim ki, xaricdə magistratura təhsili almağı, yaxud gələcəkdə hər hansısa bir tədqiqat aparmağı düşünürsə, onlar üçün buraxılış işi seçimi daha məqsədəuyğun olar. Doğrudur, əziyyətlidir, amma daha faydalı ola bilər. Amma kim ki, tədqiqat aparmağı düşünmür, onlar üçün attestasiya imtahanı daha uyğun olar”.
Mütəxəssis son kursların seçim haqqı olmasını bir daha qeyd edib və bu il prosesinin aparılma qaydasına toxunub:
“Pandemiya dövründə buraxılış işi və attestasiyaya görə müəyyən güzəştlər var idi. Hətta attestasiya imtahanları ləğv edildi, ümumi akademik ortalamaya görə qiymətlər avtomatik yazıldı. Artıq pandemiya qadağaları yavaş-yavaş aradan götürülür. Yəqin ki, bu ildən həm buraxılış işi, həm də attestasiya imtahanı kifayət qədər ənənəvi keyfiyyətdə tətbiq olunacaq. Burada qeyd etdiyim kimi, ola bilsin ki, bəzi universitetlər fərqli tətbiqlər həyata keçirir. Amma əsasnaməyə görə son kurs tələbələrinin seçim sərbəstliyi var”.
Son olaraq o,-“Sadəcə bəzi universitetlərin buraxılış işi götürmək istəyən tələbələr üçün minimum akademik göstərici tələb etməsi işin keyfiyyəti üçündür. Bunu da müəyyən qədər anlamaq olar”-deyə qeyd edib.