“Təhsil eksperti ifadəsi müəyyən qədər çərçivəyə alınmalıdır. Ona görə ki, insanlar bu şəxslərin fikirləri ilə yola çıxırlar. Yanlış təhlil və informasiyalar ola bilər. Lakin kiməsə “təhsil eksperti” adının verilməsi mövcud problemləri aradan qaldırmayacaq”.
Bu sözləri AzEdu.az-a açıqlamsında təhsil eksperti Kamran Əsədov deyib.
O, son zamanlar müzakirələrə səbəb olan təhsil eksperti adının verilməsi fikrinə aydınlıq gətirib:
“Hazırda təhsildə kifayət qədər problemlərimiz olduğu halda, ona heç bir maneə törətməyən, əksinə inkişafını təmin edən təhsil ekspertlərini problemə çevirmişik. Bu sahədə həllini gözləyən ciddi məsələlər var. Amma təəssüf ki, biz bunları görə bilmirik. Əvəzində, heç bir əhəmiyyəti olmayan məsələlərlə məşğul oluruq. Bəzi qurumların çalışdığı odur ki, mətbuatda yalnız onların istədiyini deyən şəxslər fikir yürütsün. Biz bunu dəfələrlə müşahidə etmişik, təhsilə aid strukturlar media orqanlarına zəng edərək bəzi şəxslərdən müsahibə almamağı tövsiyə edir”.
Kamran Əsədov qeyd edir ki, ekspert ştat vahididir:
“Azərbaycanda “təhsil eksperti” ifadəsi var. Məsələn, Dövlət İmtahan Mərkəzində ekspertlər qrupu fəaliyyət göstərir. Bu ştat vahidi olaraq mövcuddur. Bəs biz nəyi düzəltmək istəyirik? Kimlərəsə “təhsil eksperti” adını verdikdə hansı problemlər həll olunacaq?
Bu gün tədqiqat aparılmalıdır ki, hansı düzəlişlər edilsin. Bu təhsilin idarəedilməsi, onun məzmunu, standartları ilə əlaqəli ola bilər. Bu məsələləri həll etmək üçün mütəxəssislərə ehtiyacımız var. Bəzi qurumlar “ekspert” adını onlar üçün çıxış edib, alqışlayan şəxslərə vermək istəyirlər. Təhsildə müxalifət ola bilməz, bu, hamının işidir. Təhsil medianın, ekspertlərin və bütün cəmiyyətin parçasıdır”.
O, ekspert sözünün hansı hallarda işlədiyini deyib:
“Bu gün təhsil eksperti iki formatda təzahür edir. Birincisi mətbuatın hansısa fikiri soruşmaq üçün müraciət etdiyi şəxs, digəri isə rəsmi ştat vahidi kimi. Dövlət İmtahan Mərkəzinin rəhbəri təhsil eksperti olmaq üçün 15 il staj olmasının vacibliyini qeyd edib. Azərbaycan Respublikası Konstitusiyasında edilən dəyişikliyə əsasən, 18 yaşı tamam olan şəxslər bir çox vəzifələri tuta bilərlər. Təhsil eksperti necə böyük problem oldu ki, onun üçün 15 il staj tələb olunur?! Dövlət qulluğuna qəbulda ən yaxşı vəzifəyə təyinat üçün 5 il staj lazımdır. Bu qədər problemi görməyərək, hansısa şəxsin mətbuata açıqlama verməsimi müzakirə etmək düzgün deyil”.
Kamran Əsədov vurğulayır ki, təhsil eksperti məsələsi tənzimlənmılidir:
“Təhsil eksperti ifadəsi müəyyən qədər çərçivəyə alınmalıdır. Ona görə ki, insanlar bu şəxslərin fikirləri ilə yola çıxırlar. Yanlış təhlil və informasiyalar ola bilər. Lakin kiməsə “təhsil eksperti” adının verilməsi mövcud problemləri aradan qaldırmayacaq. Yaxşı olar ki, həmin şəxslər ali və orta ixtisas təhsili müəssisələrində mütəxəssis olsun və ən azından dərslik müəllifi olaraq elmi məqalə yazsınlar. İndiyə kimi hansısa nazirliyin eksperti danışdırmaq üçün problem yaratdığını müşahidə etməmişəm. Məsələni yaradan təhsil qurumları və əməkdaşlarıdır. Onların dərdlərinin nə olduğunu bilmirəm.Təhsildə kifayət qədər problem və çatışmazlıqlar var. Bunlarla məşğul olmaq lazımdır”.